


Azərbaycan və Mərakeş arasında mövcud əlaqələrin səviyyəsindən razılıq ifadə olunub
Bakı, 22 iyun, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Mərakeş Krallığı Nümayəndələr Palatası sədrinin müavini Mohamed Qayat ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Mərakeş arasında mövcud əlaqələrin səviyyəsindən razılıq ifadə olunub. Bildirilib ki, qarşılıqlı hörmətə əsaslanan ikitərəfli münasibətlər, xüsusilə siyasi sahədə uğurla inkişaf edib. Həmçinin ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi, müxtəlif platformalarda bir-birinə qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirdiyi vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin dərinləşməsində parlamentlərarası əməkdaşlığın özünəməxsus rolu qeyd edilib. Milli Məclisin sədri Sahibə Qafarova özünün Mərakeşə rəsmi səfərini, həmçinin mərakeşli həmkarları ilə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşlərini məmnunluqla xatırlayaraq, bu kimi təmasların münasibətlərimizə töhfə verdiyini bildirib. Həmçinin diqqətə çatdırılıb ki, hər iki ölkənin qanunverici orqanında fəaliyyət göstərən dostluq qrupları münasibətlərin inkişafında körpü rolunu oynayır. Bildirilib ki, cari ildə parlamentlərimiz arasında imzalanmış Anlaşma Memorandumu da əlaqələri daha da dərinləşdirmək üçün əlverişli imkanlar yaradır.
Tərəflər parlamentlərimizin beynəlxalq parlament təşkilatlarında, o cümlədən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də əməkdaşlıq etməsindən məmnunluqlarını qeyd ediblər. Bildirilib ki, Mərakeş Şəbəkənin konfranslarında yüksək səviyyədə təmsil olunur və bu təşkilatın işinə böyük əhəmiyyət verir.
Azərbaycan və Mərakeş arasında mövcud əlaqələrin səviyyəsindən razılıq ifadə olunub
Milli Məclisdə BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüş olub
Milli Məclis ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında əlaqələr genişlənir
Avropa Şurasının Bakı ofisinin rəhbəri Xarici İşlər Nazirliyinə çağırılıb
Bakı İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi edir YENİLƏNİB