×
A
A
A
Sazlamalar

Hesablama Palatasının sədr müavini: Rəqəmsal transformasiya ali audit orqanlarına bir sıra üstünlüklər təqdim edir

Bakı, 17 iyun, AZƏRTAC

Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il üzrə İllik Toplantıları çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatasının təşkilatçılığı ilə “Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal Dövlət Auditi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrləri və deputatlar, həmçinin müxtəlif ölkələrin ali audit orqanlarının, beynəlxalq təşkilatların və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov çıxış edərək qeyd edib ki, rəqəmsal transformasiya dövlət idarəçiliyinin, ictimai xidmətlərin və hesabatlılıq mexanizmlərinin yenidən formalaşdırılmasına təsir göstərən strateji dəyişiklik kimi ali audit orqanlarına bir sıra mühüm üstünlüklər təqdim edir. O bildirib ki, məlumatların real vaxt rejimində emalı, risklərin daha dəqiq müəyyənləşdirilməsi, böyük məlumat bazalarının təhlili və audit resurslarının daha səmərəli istifadəsi audit fəaliyyətinin keyfiyyətini və təsirini əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda, sədr müavini bu sahədə mövcud olan çağırışlara da toxunub.
Sədr müavini tədbirin əsas məqsədinin də məhz bu təcrübələri bölüşmək, rəqəmsal dövrdə dövlət auditinin gələcək inkişaf istiqamətlərini müzakirə etmək və ali audit orqanlarının bu dəyişən mühitə daha uğurla uyğunlaşmasına töhfə vermək olduğundan bəhs edib.
Tədbir çərçivəsində Hesablama Palatasının Dövlət auditinin rəqəmsallaşdırılması və informasiya infrastrukturunun idarəedilməsi şöbəsinin əməkdaşlarının moderatorluğu ilə mövzu üzrə Azərbaycan, Çin, Türkiyə, Pakistan, Koreya, Özbəkistan ali audit orqanlarının nümayəndələrinin və Milli Məclisin deputatının iştirakı ilə panel müzakirələr keçirilib. Onlar rəqəmsal audit və informasiya sistemlərinin tətbiqi sahəsində təcrübələrini bölüşərək həyata keçirilən təşəbbüslər, əldə olunan nəticələr və gələcək inkişaf istiqamətləri barədə təqdimatlarla çıxış ediblər.
Müzakirələr zamanı dövlət auditində süni intellekt, böyük verilənlərin təhlili, rəqəmsal audit sistemləri və platformaların tətbiqinin audit fəaliyyətinin effektivliyinin artırılmasında oynadığı rol diqqətə çatdırılıb.
Tədbirin əsas məqsədi ali audit orqanları arasında rəqəmsal audit üzrə qabaqcıl təcrübələrin və innovativ metodologiyaların mübadiləsini təşviq etmək, dövlət auditində yeni texnologiyaların tətbiqi sahəsində əməkdaşlığı genişləndirmək, habelə rəqəmsal transformasiya proseslərinin audit fəaliyyətinə inteqrasiyası ilə bağlı müzakirələr aparmaq olub.

Fotoqraf - Orxan Kərimov
Video - Mirrəsul Cəfərov

İqtisadiyyat 2026-06-17 19:35:00