


Xaçınçaya gələn sel sularının yaratdığı təhlükənin qarşısı alınıb – YENİLƏNİB VİDEO
Ağdam, 17 iyun, AZƏRTAC
Ağdamda Xaçınçay çayından keçən sel sularının yaşayış məntəqəsinə yaratdığı təhlükənin qarşısı alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçınçaya sel gəlməsi nəticəsində Xaçınçay qəsəbəsində yolun bir hissəsi yuyulub, qaz və su xətlərinə ziyan dəyib. Hadisə ilə bağlı aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Ağdam Rayon İcra Hakimiyyətinin, rayon fövqəladə hallar komissiyasının, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional İdarəsinin, Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin və digər qurumların rəhbərləri və əməkdaşları əraziyə gəliblər.
Əraziyə cəlb edilən texnika və canlı qüvvə təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər görür.
Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Hafiz Əzimzadə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında sel sularının yaradacağı təhlükənin aradan qaldırıldığını bildirib: “Leysan yağışlar nəticəsində çaylarda, o cümlədən Ağdam rayonu ərazisindən keçən Qarqar və Xaçın çaylarında sululuq artıb. Xaçınçay qəsəbəsində evləri, əkin sahələrini, yolları su basmasının qarşısının alınması üçün texnikalarımız işləyir. Hazırda Xaçınçay qəsəbəsi ərazisində 2 ekskavator, 2 buldozer, Qərvənd kəndi ərazisində isə 3 buldozer sel sularının maneəsiz ötürülməsi üçün çalışır”.
Görülən tədbirlər sayəsində Xaçınçay qəsəbəsində yaranan təhlükənin qarşısı alınıb, qaz xəttinə dəymiş zərər aradan qaldırılıb.
Müxbir – Tahir Ağaməmmədov
Fermerlərin xarici bazarlara çıxması üçün yeni imkanlar VİDEO
Xaçınçaya gələn sel sularının yaratdığı təhlükənin qarşısı alınıb – YENİLƏNİB VİDEO
Ali Məclisin komitə iclasında iki qanun layihəsi müzakirəyə çıxarılıb
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib YENİLƏNİB