


“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
Bakı, 13 iyun, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının, Xətai Rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib.
YAP-dan AZƏRTAC-a verilən məlumata görə, Xətai rayonu, Heydər Əliyev adına istirahət parkında keçirilən tədbirdə əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonra 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev 15 İyun - Milli Qurtuluş Gününün xalqımızın taleyində mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, Ulu Öndərin zəngin dövlətçilik irsi, uzaqgörən ideyaları və həmin siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Milli Qurtuluşdan böyük Zəfərə aparan yolun möhkəm təməlini yaradıb.
YAP İdarə Heyətinin üzvü, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə tədbir iştirakçılarını qarşıdan gələn 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs edən A. Rəhimzadə bildirib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etsə də, onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı: “Ozamankı hakimiyyət isə respublikanı idarə etmək iqtidarında deyildi. Bu səbəbdən də respublikamızda dərin böhran hökm sürür, torpaqlarımızın isə Ermənistan tərəfindən işğalı davam edirdi. Belə bir şəraitdə xalqımız, o cümlədən dəyərli ziyalılarımız bu ağır durumdan çıxış yolunu yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü”.
YAP Veteranlar Şurasının sədri qeyd edib ki, 1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın tarixində yeni mərhələ başlandı. O, tarixi qayıdışdan sonra ölkəmizin bütün çətinliklərdən xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlanıldığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib. A. Rəhimzadənin sözlərinə görə, bu gün milli qurtuluş məfkurəsinin təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır: “Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan beynəlxalq müstəvidə güclü, qüdrətli dövlətə çevrilib. “Dəmir yumruq” əməliyyatı ilə qazanılan tarixi Zəfərin əsasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, Azərbaycanın siyasi, iqtisadi, mədəni, hərbi sahələrdə, eyni zamanda, xarici siyasətdə uğurları və xalq-iqtidar birliyi dayanır”.
Tədbirdə, həmçinin Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc, Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev çıxış edərək 1993-cü il iyunun 15-i ərəfəsində ölkəmizdə cərəyan edən hadisələr barədə danışaraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərini vurğulayıblar. Qeyd olunub ki, Ümummilli Lider 1993-cü ilin iyun ayında sonsuz məhəbbətlə sevdiyi xalqının çağırışına səs verib və həyatını riskə ataraq ölkəmizi parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas edib, dövlət müstəqilliyimizi qoruyub və möhkəmləndirib.
Bildirilib ki, Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasi kurs Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bunun nəticəsində ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa edərək regionun lider dövlətinə və dünya birliyinin nüfuzlu üzvünə çevrilib.
Sonra bayram konserti təqdim olunub.
Tədbir atəşfəşanlıqla başa çatıb.
YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb