


Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılışı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, universitetin və liseyin rəhbərliyi, müəllim heyəti, kursantlar, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Təntənəli mərasimin əvvəlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Cəmşid Naxçıvanskinin Hərbi Lisey ərazisində ucaldılmış̧ abidələri ziyarət olunub və önlərinə gül dəstələri qoyulub. Sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib.
Buraxılış mərasimində çıxış edən Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Müdafiə Nazirliyinin rəhbərliyi adından məzunları salamlayaraq, onları məzun olmaları münasibətilə təbrik edib və kursantlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
"Bu gün burada sadəcə bir təhsil mərhələsinin başa çatmasını qeyd etmirik, Azərbaycan Ordusunun gələcəyinə doğru atılan növbəti mühüm addımın şahidi oluruq. Xalqımız öz gələcəyini yeni nəslə etibar edir. Bundan 55 il əvvəl milli hərbi kadrların hazırlanmasının vacibliyini görən Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək bu təhsil ocağının əsasını qoydu. Sovet rejiminin ən sərt dövründə cəsarətlə qəbul edilən bu qərar müstəqil Azərbaycanın güclü ordusunun formalaşmasına xidmət edən ən mühüm dövlətçilik addımlarından biri oldu. Bu gün həmin uzaqgörən siyasətin nəticələrini görürük. Cəmşid Naxçıvanski adına Hərbi Lisey artıq on minlərlə vətənpərvər gəncin həyat yolunun başlanğıc nöqtəsinə çevrilib. Qürurla deyə bilərik ki, bu lisey yalnız xüsusi təyinatlı ali və orta ixtisas təhsili müəssisələri üçün namizədlər hazırlayan təhsil müəssisəsi deyil. Bu, milli ruhun, hərbi iradənin və dövlətə sədaqətin məktəbidir. Bu məktəbin adı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qüdrəti və dövlətimizin əzəməti ilə yanaşı çəkilir. Azərbaycan Respublikasının azadlığı, müstəqilliyi və suverenliyi uğrunda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri böyük fədakarlıq göstərib, 200-dən çox məzun Vətən yolunda şəhidlik zirvəsinə ucalıb. Onların qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, liseyin məzunları sırasından 11 nəfər "Milli Qəhrəman", 19 nəfər isə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adlarına layiq görülüb. Həmin göstəricilər liseyin yalnız bir təhsil müəssisəsi deyil, eyni zamanda, yüksək vətənpərvərlik ruhunun, hərbi peşəkarlığın və liderlik keyfiyyətlərinin formalaşdığı mühüm bir məktəb olduğunu bir daha sübut edir. Əminik ki, qarşıdakı illərdə bu şərəfli ocaq öz missiyasını uğurla davam etdirəcək, yeni qəhrəmanlar, yeni liderlər və vətənpərvər nəsillər yetişdirəcək", - deyə G.Əbilov fikirlərinə yekun vurub.
C.Naxçıvanski adına Hərbi Liseyin rəisi Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev liseyin uzun illərdir ki, Silahlı Qüvvələrimiz üçün peşəkar zabit kadrlarının hazırlanmasında mühüm rol oynadığını, yetirmələrinin ölkəmizin müdafiəsində, ərazi bütövlüyünün qorunmasında və əldə olunan tarixi qələbələrdə böyük xidmətlər göstərdiyini bildirib.

"Əziz məzunlar, siz bu müqəddəs təhsil ocağında yalnız bilik əldə etməmisiniz, həm də Vətənə sədaqət, hərbi intizam, vətənpərvərlik və liderlik keyfiyyətləri qazanmısınız. Siz həyatınızın ən yaddaqalan dövrlərindən biri ilə vidalaşırsınız. Bu doğma divarlar arasında qazandığınız dostluqlar, keçirdiyiniz çətinliklər, uğurlarınız, öyrəndiyiniz dərslər ömürboyu sizinlə olacaq. Hansı vəzifədə olmağınızdan asılı olmayaraq unutmayın ki, insanın ən böyük rütbəsi onun vicdanıdır. Ən böyük gücü isə Vətəninə və xalqına olan sevgisidir.
Əminəm ki, siz Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasətinə layiqli töhfələr verəcək, Vətənə və xalqa sədaqətlə xidmət edəcəksiniz. Müzəffər Azərbaycan Ordusunun qazandığı tarixi nailiyyətlər, qəhrəman şəhidlərimizin əziz xatirəsi və qazilərimizin şücaəti hər biriniz üçün örnək olmalıdır. Siz də gələcək fəaliyyətinizdə bu müqəddəs ənənələri yaşatmalı, dövlətimizin və liseyimizin şərəfli adını daim uca tutmalısınız", - deyə A.Mirzəyev bildirib.
Pedaqoji heyət adından çıxış edən Hərbi Liseyin riyaziyyat müəllimi Aynur Gülməmmədova məzunları təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Kursantlar adından çıxış edən kurs birincisi kursant Teymur Əliyev hərbi liseydə əldə etdikləri bilik və bacarıqları növbəti təhsil müəssisələrində daha da inkişaf etdirəcəklərinə dair söz verib.
Sonra hərbi liseyi fərqlənmə ilə bitirən məzunlara, fəaliyyətində fərqlənən zabit və müəllimlərə fəxri fərman və hədiyyələr təqdim edilib.
Hərbi liseyin rəmzi kötüyünə 2026-cı ilin xatirə lövhəsi vurulduqdan sonra döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Sonda kursantlar hərbi orkestrin müşayiəti ilə marşları ifa etdikdən sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib. Valideynlərə məzun övladları ilə görüşmək və təbrik etmək üçün şərait yaradılıb.
İki il ərzində gələcək hərbi xidmətimiz üçün möhkəm təməl formalaşdırdıq
Kursant Atəş Məmmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində əsası 1971-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu olmaqdan böyük qürur və fəxr hissi keçirdiyini deyib. O, fikirlərinə belə davam edib: "Bu təhsil ocağında keçirdiyimiz illər ərzində yalnız hərbi biliklərə yiyələnmədik, eyni zamanda intizamı, məsuliyyəti, Vətənə sədaqəti və komandada çalışmağın əhəmiyyətini öyrəndik. İki il ərzində kursant yoldaşlarımızla çiyin-çiyinə fəaliyyət göstərərək əsl dostluğun, qarşılıqlı dəstəyin və birlik ruhunun nə qədər vacib olduğunu gördük. Birlikdə çətinlikləri aşdıq, uğurlar qazandıq və gələcək hərbi xidmətimiz üçün möhkəm təməl formalaşdırdıq.

Növbəti mərhələdə Heydər Əliyev adına Hərbi İnstituta qəbul olaraq bilik və bacarıqlarımızı daha da inkişaf etdirəcək, gələcəkdə Azərbaycan Ordusunun sıralarında şərəflə xidmət edəcəyik. Vətənimizin təhlükəsizliyi və dövlətimizin maraqlarının qorunması naminə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq. Bir daha bütün məzun yoldaşlarımı təbrik edir, hər birimizə gələcək həyatımızda uğurlar və yeni nailiyyətlər arzulayıram".
Oğlumun simasında gələcəyin generalını görürəm
Övladı kursant Atəş Məmmədovun məzuniyyət sevincini yaşayan anası Nailə Abdürrəhmanovanın simasında keçirdiyi böyük qürur hissi əks olunmuşdu. O, bu xoş gündə hisslərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb: "Oğlumun Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirdiyi iki il ərzində necə dəyişdiyinin şahidi oldum. Bu müddətdə onda yalnız bilik və intizam deyil, eyni zamanda Vətən sevgisi, məsuliyyət hissi və liderlik keyfiyyətləri daha da formalaşdı.

Bir ana olaraq övladımın bu qədər qısa zamanda yetkinləşdiyini, məqsədlərinə doğru inamla addımladığını görmək mənim üçün ən böyük xoşbəxtlikdir. Bu gün mən onun simasında Vətəninə sədaqətlə xidmət etməyə hazır olan gənc bir hərbçi, gələcəyin layiqli zabitini, hətta generalını görürəm.
Mən qürur duyuram ki, Vətənə xidmət etməyə hazır olan bir övlad yetişdirmişəm. Əminəm ki, oğlum və onun kursant yoldaşları gələcəkdə Azərbaycan Ordusunun sıralarında şərəflə xidmət edəcək, ölkəmizin təhlükəsizliyi və qüdrətinin daha da möhkəmlənməsinə öz töhfələrini verəcəklər.
Bu yolda əməyi olan müəllimlərə, zabit heyətinə və bütün şəxsi heyətə dərin minnətdarlığımı bildirirəm. Bütün məzunları təbrik edir, onlara gələcək həyatlarında uğurlar, möhkəm iradə və yeni nailiyyətlər arzulayıram. Azərbaycanın gələcəyi belə vətənpərvər gənclərin əlində etibarlı əllərdədir".
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
HDQ-də döyüş atışlı taktiki təlim olub
“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib