


Məcnun Məmmədov: Ekstensiv əkinçilikdən intensiv əkinçiliyə keçid təşviq ediləcək
Zəngilan, 12 iyun, AZƏRTAC
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində ekstensiv əkinçilikdən intensiv əkinçiliyə keçid təşviq ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu Zəngilanda jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir qeyd edib ki, proqram çərçivəsində müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, Azərbaycanda ilk dəfə torpaq konsolidasiyası layihələrinin həyata keçirilməsi, intensiv bağçılığın və istixana sahələrinin artırılması nəzərdə tutulur.
Məcnun Məmmədov bildirib ki, yeni proqramda dövlət dəstəyinin prioritetləri də dəyişəcək. Belə ki, əvvəllər subsidiyaların cəmi 6 faizi heyvandarlığa yönəldildiyi halda, yeni dövrdə bu göstərici təxminən 40 faizə çatdırılacaq. Heyvandarlıq sahəsində məhsul, süni mayalanma və sertifikat subsidiyaları kimi yeni dəstək mexanizmləri tətbiq ediləcək.
Nazir qeyd edib ki, Dövlət Proqramı xüsusilə kiçik və orta fermer təsərrüfatlarının inkişafına xidmət edəcək. Bu məqsədlə heyvandarlıq təsərrüfatlarının dəstəklənməsi, süd və yun toplama məntəqələrinin yaradılması nəzərdə tutulur ki, bu da fermerlərin məhsullarının bazara çıxışını asanlaşdıracaq.
Onun sözlərinə görə, bu ildən alma və nar, gələn ildən isə digər meyvə və bitki növləri üzrə məhsul subsidiyalarının tətbiqi planlaşdırılır. Bu mexanizm fermerlərə məhsullarını emal müəssisələrinə təhvil verərək əlavə dəstək əldə etməyə imkan yaradacaq.