


Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub
Bakı, 11 iyun, AZƏRTAC
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və “PAŞA Sığorta” ASC-nin dəstəyi ilə “Baku Events Hall” konsert mərkəzində orta məktəbi uğurla başa vuraraq məzun olan şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova məzun olan şəhid övladlarını təbrik edərək, onların bu mühüm nailiyyətinin yalnız ailələr deyil, bütün Azərbaycan cəmiyyəti üçün qürur mənbəyi olduğunu vurğulayıb. O bildirib ki, şəhid ailələrinə və övladlarına göstərilən diqqət və qayğı hər zaman birliyin fəaliyyətinin əsas istiqamətlərindən biri olacaq: “Bu gün həyatınızın yeni mərhələsinə qədəm qoyursunuz. İnanırıq ki, əldə etdiyiniz uğurlar şəhid valideynlərinizin əziz xatirəsinin uca tutulmasına layiqli töhfə olacaq. Həyatınızın hər mərhələsində yanınızda olmağa davam edəcəyik”.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov məzun olan şəhid övladlarını təbrik edərək onların göstərdikləri əzmkarlığın və əldə etdikləri uğurların qürurverici olduğunu bildirib. Nazir qeyd edib ki, şəhid ailələrinə dövlət qayğısı daim diqqət mərkəzindədir və həmin gənclərin təhsil alaraq ölkənin gələcəyinin qurulmasında fəal iştirak etmələri ən böyük uğurlardan biridir. O, məzunlara gələcək həyatlarında yeni nailiyyətlər arzulayıb.
Tədbirdə iştirak edən dövlət rəsmiləri, deputatlar və ictimai xadimlər də məzun olan gənclərə xoş arzularını çatdırıblar. Çıxış edənlər arasında “PAŞA Sığorta” ASC-nin Daxili Kommunikasiyalar şöbəsinin rəhbəri Ləman Maqsudlu, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev, deputatlar Mehriban Vəliyeva, Ceyhun Məmmədov, Nigar Məmmədova və Vüqar Rəhimzadə yer alıblar.
Tədbirdə şəhid övladlarının çıxışları xüsusi maraqla qarşılanıb. Vətən müharibəsi şəhidi baş leytenant Ceyhun Niftəliyevin qızı, Göygöl rayon birincisi Ayan Niftəliyeva və şəhid polkovnik-leytenant Babək Ramaldanovun oğlu Ramaldan Ramaldanov məzunlar adından çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı, məzun Teymur Həşimovun anası Ofelya Salmanova da çıxışında şəhid ailələrinə göstərilən mənəvi dəstəyin əhəmiyyətindən danışıb və məzunlara gələcək həyatlarında uğurlar arzulayıb.
Rəsmi hissədən sonra tədbir geniş konsert proqramı ilə davam edib. Azərbaycanın tanınmış sənətçiləri və musiqi kollektivləri çıxışları ilə məzunlara unudulmaz anlar yaşadıblar.
Səmimi və yüksək əhvali-ruhiyyə şəraitində keçən tədbirin əsas məqsədi şəhid övladlarının həyatında əlamətdar olan günün sevincini bölüşmək, onların gələcəyə daha böyük inam və motivasiya ilə addımlamalarına dəstək olmaq olub.
Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub
"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub