


MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir
Mingəçevir, 6 iyun, AZƏRTAC
Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Günü ölkəmizin qlobal ekoloji gündəlikdə artan rolunun, beynəlxalq etimadının və ətraf mühitin mühafizəsi sahəsində nümayiş etdirdiyi ardıcıl siyasətin növbəti mühüm təsdiqidir. Bu gün dünya yeni inkişaf mərhələsinə qədəm qoyur. İqlim dəyişiklikləri, su ehtiyatlarının azalması, biomüxtəlifliyin zəifləməsi, torpaqların deqradasiyası və ekoloji təhlükəsizlik məsələləri bu gün təkcə ayrı-ayrı ölkələrin deyil, bütövlükdə bəşəriyyətin gələcəyini müəyyən edən strateji amillərə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov bildirib.
Rektor vurğulayıb ki, belə bir dövrdə ətraf mühitin qorunması ekoloji məsələ olmaqla yanaşı, həm də iqtisadi inkişafın, sosial rifahın, milli təhlükəsizliyin və gələcək nəsillər qarşısında məsuliyyətin ayrılmaz tərkib hissəsidir. Prezident İlham Əliyevin Ümumdünya Ətraf Mühit Günü münasibətilə müraciətində qeyd etdiyi kimi, təmiz ətraf mühit və yaşıl artım ölkəmizin inkişaf strategiyasının əsas prioritetlərindən biridir. Azərbaycanın son illərdə COP29-a uğurlu sədrliyi, qlobal iqlim diplomatiyasına verdiyi töhfələr, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yaşıl enerji layihələri, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları, biomüxtəlifliyin qorunmasına yönəlmiş təşəbbüslər ölkəmizin dayanıqlı inkişaf sahəsində beynəlxalq miqyasda nüfuzunu daha da gücləndirib. Azərbaycanın BMT-nin Ətraf Mühit Proqramı ilə tərəfdaşlıq çərçivəsində Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etməsi də təsadüfi deyil. Bu mühüm hadisə ölkəmizin qlobal ekoloji məsuliyyətin bölüşdürülməsində fəal iştirakını, beynəlxalq əməkdaşlığa verdiyi önəmi və yaşıl gələcəyə sadiqliyini nümayiş etdirir.
“Hesab edirəm ki, bu prosesdə ali təhsil müəssisələrinin üzərinə xüsusi missiya düşür. Müasir universitetlər yalnız bilik mübadiləsini həyata keçirən təhsil ocaqları deyil, həm də yaşıl düşüncə tərzinin formalaşdırıldığı, sosial məsuliyyət mədəniyyətinin təşviq edildiyi, innovativ həllərin yaradıldığı və dayanıqlı inkişaf ideyalarının cəmiyyətə qazandırıldığı strateji mərkəzlərdir”, - deyən rektor əlavə edib ki, MDU-da həyata keçirilən “Yaşıl kampus” təşəbbüsləri, enerji səmərəliliyinin artırılması, rəqəmsal və kağızsız idarəetmə modelinin genişləndirilməsi, ekoloji maarifləndirmə proqramları, tullantıların səmərəli idarəolunması və tələbələrin sosial-ekoloji layihələrə fəal cəlb edilməsi istiqamətində görülən işlər məhz bu baxışın praktiki ifadəsidir. Gələcəyin universiteti yalnız elm və təhsil mərkəzi deyil, eyni zamanda, ekoloji məsuliyyətin, vətəndaş şüurunun və dayanıqlı inkişaf mədəniyyətinin formalaşdığı nümunəvi ictimai platformadır. Bu baxımdan hər bir tələbə, müəllim və əməkdaş yaşıl gələcəyin qurulmasında mühüm rol oynayır.
“Təbiəti qorumaq yalnız bugünkü nəslin vəzifəsi deyil, gələcək nəsillərə qarşı da mənəvi borcumuzdur. Azərbaycanın yaşıl inkişaf strategiyası, ölkə rəhbərliyinin bu sahədə nümayiş etdirdiyi siyasi iradə və cəmiyyətimizin artan ekoloji məsuliyyəti ölkəmizin daha təmiz, daha sağlam və daha dayanıqlı gələcəyinin etibarlı təminatıdır”, - deyə Anar Eminov fikirlərini yekunlaşdırıb.
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb