×
A
A
A
Sazlamalar

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Astana, 6 iyun, AZƏRTAC

Astanadakı “Alem.AI” Beynəlxalq Süni İntellekt Mərkəzində Mərkəzi Avrasiyada rəhbərlər üçün süni intellekt üzrə ən böyük təhsil biznes proqramı olan “AI Leaders 2026” proqramının buraxılış mərasimi keçirilib.
AZƏRTAC Qazaxıstan Respublikası Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, proqram nazirliyin dəstəyi ilə Stanford Universitetinin “Stanford HAI” tədqiqat mərkəzi, “OpenAI Academy” təhsil platforması və “Silkroad Innovation Hub” ilə birgə həyata keçirilib.
Proqram 9 ölkədən - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkiyə, Qətər, BƏƏ və Monqolustandan olan 150-dən çox təşkilatdan 800-dən çox rəhbər və mütəxəssisi bir araya gətirib.
Səkkiz həftəlik təlim ərzində iştirakçılar Stanford mühazirələri, “OpenAI Akademy” praktik təlimləri və sənaye seminarları da daxil olmaqla 45 saatdan çox təhsil proqramını tamamlayıblar. Ümumilikdə 240-dan çox strateji sessiya və 120 saatdan çox fərdi mentor görüşü keçirilib.
Proqram Qazaxıstanda Süni İntellekt İlinin əsas layihələrindən birinə çevrilib.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Cəmiyyət 2026-06-06 12:19:00