×
A
A
A
Sazlamalar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Bakı, 5 iyun, AZƏRTAC

5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə “Tapılan arzular” adlı sosial-ekoloji layihə həyata keçirilib.
“Təmiz Şəhər” ASC-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində koxlear implantlı uşaqlar üçün tədbir təşkil olunub. Onlar Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyası ilə tanış olub, təsviri sənətin görkəmli nümayəndələrinin yaradıcılığı barədə məlumatlandırılıblar.
Tədbir zamanı görkəmli rəssam Səttar Bəhlulzadənin yaradıcılığına həsr olunmuş master-klas keçilib. Milli İncəsənət Muzeyi tərəfindən təşkil edilən məşğələdə uşaqlar Bəhlulzadənin “Torpağın arzusu” əsəri ilə tanış olub, rəsm bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Ekskursiyanın sonunda uşaqlara rəsm dəstləri hədiyyə olunub.
Layihənin əsas özəlliyi ondan ibarətdir ki, uşaqlara təqdim olunan rəsm dəsti tullantıların çeşidlənməsi zamanı tapılan və dövriyyəyə qaytarılan dəmir pullar hesabına həyata keçirilib.
Qeyd edək ki, layihə “Təmiz Şəhər” ASC və Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı, Azərbaycan Beynəlxalq Bankı və Azərbaycan Milli İncəsənət Muzeyinin dəstəyi ilə həyata keçirilib.
Layihənin məqsədi tullantıların yenidən dəyərə çevrilməsinin əhəmiyyətini göstərmək, xüsusi qayğıya ehtiyacı olan uşaqların yaradıcılıq potensialını və sosial inteqrasiyasını dəstəkləməkdir. Bununla yanaşı, layihə sosial məsuliyyət, inklüzivlik və dövri iqtisadiyyat prinsiplərinin təşviqinə xidmət edir.

Cəmiyyət 2026-06-05 19:25:00