


ÜST-nin nümayəndəsi: İnsanlar ətraf mühit və ya iqlim dəyişikliyi onların sağlamlığına təsir göstərdiyi zaman hərəkətə keçirlər
Bakı, 5 iyun, AZƏRTAC
Bir vaxtlar dünyanın dördüncü ən böyük dənizi olan Aral dənizi 68 min kvadratkilometr su sahəsinə malik idi. Bu gün isə həmin ərazi zəhərli tozlarla örtülmüş səhraya çevrilib. Qazaxıstanın Qızılorda bölgəsində və Özbəkistanın Qaraqalpaqıstan ərazisində xərçəng xəstəliklərinin səviyyəsi son dərəcə yüksəkdir. Tənəffüs yolu infeksiyaları çox geniş yayılıb. Reproduktiv sağlamlıq problemləri, doğuş qüsurları və demək olar ki, bütün sağlamlıq göstəriciləri üzrə şokedici statistika mövcuddur. Bütün bunlar bir dənizin qurumasının nəticəsidir. Məsələ bu qədər sadədir.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Robb Butler Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbir çərçivəsində keçirilən “Xəzər dənizi dönüş nöqtəsində: Dəniz səviyyəsinin azalması və regional fəaliyyət üzrə elmi analitik müzakirə” adlı panel müzakirədə çıxış edərkən deyib.
ÜST-nin nümayəndəsi qeyd edib ki, dünyanın ən böyük gölü sayılan Xəzər dənizi daha böyükmiqyaslı məsələdir: “Bu problem sərhədləri aşan, transsərhəd xarakter daşıyır. Hiss edirəm ki, səhiyyə ictimaiyyəti artıq indi iqlim dəyişikliyi ilə mübarizədə liderlik etməyə hazırdır. Ümid edirik ki, üzv dövlətlərimizdən də səhiyyə baxımından daha böyük öhdəliklər görəcəyik. Çünki nəticə etibarilə iqlim böhranı sağlamlıq böhranıdır. İnsanlar, adətən, ətraf mühit və ya iqlim dəyişikliyi onların özlərinin, ailələrinin və icmalarının sağlamlığına təsir göstərdiyi zaman hərəkətə keçirlər. Düşünürəm ki, zaman keçdikcə biz bu icmanın daha fəal hissəsinə çevriləcəyik”.
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək
ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq
Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır