×
A
A
A
Sazlamalar

Nazir müavini: Azərbaycan üçün metan emissiyalarının azaldılması həm ekoloji prioritet, həm də mühüm fürsətdir

Bakı, 5 iyun, AZƏRTAC
Metan güclü istixana qazıdır. O, atmosferdə karbon qazı ilə müqayisədə daha qısa müddət qalsa da, qısamüddətli perspektivdə istiləşməyə təsiri xeyli güclüdür. Məhz buna görə metan emissiyalarının azaldılması qlobal istiləşmənin sürətini azaltmaq və qısa müddətdə iqlim sahəsində nəticələr əldə etmək üçün ən sürətli və səmərəli tədbirlərdən biri hesab olunur.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Bakıda təşkil edilən Ümumdünya Ətraf Mühit Günü çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) birgə təşkilatçılığı ilə "Metanın azaldılması üzrə birgə fəaliyyət: Kənd təsərrüfatı, enerji və tullantılar üzrə həllər" mövzusunda keçirilən yan tədbirdə deyib.
Onun sözlərinə görə, metan emissiyalarının əsas mənbələri kənd təsərrüfatı, tullantıların idarə olunması və enerji sektorudur. Bu emissiyaların azaldılması innovasiyalar, investisiyalar, beynəlxalq əməkdaşlıq və güclü milli öhdəliklər tələb edir.
"Azərbaycan üçün metan emissiyalarının azaldılması həm ekoloji prioritet, həm də mühüm fürsətdir. Enerji sektorunda uzun illərə söykənən təcrübəyə malik ölkə kimi Azərbaycan yaxşı anlayır ki, enerji inkişafı ilə ətraf mühitin qorunması paralel şəkildə həyata keçirilməlidir. 2024-cü il martın 4-də Azərbaycan Qlobal Metan Vədinə qoşulub. Bu mühüm könüllü təşəbbüs 2020-ci ilin səviyyəsi ilə müqayisədə 2030-cu ilədək qlobal metan emissiyalarının kollektiv şəkildə 30 faiz azaldılmasını nəzərdə tutur. Bu gün artıq 160-dan çox ölkə, eləcə də Avropa Komissiyası Qlobal Metan Vədinə qoşulub. Onlar birlikdə 1,5°C hədəfinin əlçatan qalması üçün zəruri olan emissiya azaldılması tədbirlərini həyata keçirir. Qlobal Metan Vədi ümumi qlobal təşəbbüs olduğundan Azərbaycan onun icrasını milli iqlim siyasətləri vasitəsilə dəstəkləyir. Bu yanaşma yenilənmiş NDC 3.0 sənədində və hazırda hazırlanmaqda olan iddialı uzunmüddətli aşağıemissiyalı inkişaf strategiyasında öz əksini tapır. Həmin sənədlər istixana qazı emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması, metan itkilərinin və nəzarətsiz emissiyaların minimuma endirilməsi, həmçinin milli enerji balansında bərpaolunan enerji mənbələrinin payının artırılmasına yönəlib", - deyə Ağakərim Səmədzadə diqqətə çatdırıb.

Müxbir - Göyçək Mahmudlu, Günel Türksoy
Fotoqraf - Azər İbrahimov

 

Ekologiya 2026-06-05 16:40:00