


Ekspert: Ətraf mühitin mühafizəsi sahəsində qəbul edilən hüquqi sənədlər müsbət nəticələr verir
Bakı, 5 iyun, AZƏRTAC
Bu il 5 İyun-Ümumdünya Ətraf Mühit Gününə Azərbaycan ev sahibliyi edir. 2026-cı ilin mövzusu iqlim dəyişikliyi, təbiətə əsaslanan həllər, biomüxtəlifliyin və ekosistemlərin qorunması vasitəsilə dayanıqlılığın gücləndirilməsi ilə sıx bağlıdır. Bu baxımdan, Azərbaycan üçün iqlim dəyişikliyinə adaptasiya artıq yalnız ekoloji məsələ deyil, həm də milli təhlükəsizlik, iqtisadi sabitlik və ictimai sağlamlıq baxımından həyati əhəmiyyət daşıyan prioritetdir.
Bunu AZƏRTAC-a açıqlamasında ətraf mühit hüququ və siyasəti üzrə ekspert, ADA Universitetinin müəllimi Sadiqə Mehdiyeva bildirib.
O deyib ki, son illərdə mühafizə olunan təbiət ərazilərinin və yasaqlıqların sayının artırılması, yaşıl enerji, tullantıların idarəolunması və ətraf mühitin mühafizəsi sahəsində qəbul edilən hüquqi sənədlər müsbət nəticələr verməyə başlayıb. Bununla belə, regionlarda və urban ərazilərdə qeyri-xarakterik yağıntıların artması, hava şəraitinin qeyri-sabitliyi, istilik dalğaları və ekstremal hava hadisələri insan sağlamlığına, kənd təsərrüfatına, su ehtiyatlarına və infrastruktur dayanıqlılığına mənfi təsir göstərir.
Sadiqə Mehdiyeva qeyd edib ki, Azərbaycan 2024-cü ildə ilkin Milli Adaptasiya Planını hazırlayıb. “İqlim dəyişikliyi gözləmir, onun təsirləri ildən-ilə daha aydın və intensiv formada özünü göstərir. Buna görə də adaptasiya tədbirləri yalnız strateji sənədlərdə deyil, şəhərsalma, kənd təsərrüfatı, su idarəçiliyi, səhiyyə, enerji və fövqəladə hallar siyasətində də konkret mexanizmlərlə əks olunmalıdır. Bundan əlavə, Azərbaycanın qonşuluğunda müxtəlif hərbi münaqişələrin alovlanması ölkəni transsərhəd ekoloji təsirlər, hava və su çirklənməsi, ekosistemlərin pozulması və fövqəladə ekoloji risklərlə üz-üzə qoya bilər. Bu risklər iqlim dəyişikliyinin yaratdığı mövcud zəifliklərlə birləşdikdə daha mürəkkəb təhlükəsizlik mənzərəsi formalaşdırır”, - deyə ekspert bildirib.
Müxbir - Günel Türksoy
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib