×
A
A
A
Sazlamalar

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

Ankara, 9 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Ankara Universitetində Azərbaycanın Türkiyədəki Səfirliyi və Ankara Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub. AZƏRTAC xəbər verir ki, Azərbaycan və Türkiyənin Dövlət himnləri ilə başlayan proqramda Ümummilli Liderin mənalı həyat yolunu əks etdirən qısa film nümayiş etdirilib.
Ankara Universitetinin rektoru Necdət Ünüvar, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım və Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov açılış çıxışları edərək Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər, Azərbaycan və bütün Türk dünyası qarşısında xidmətləri barədə danışıblar.
Ümummilli Lideri Gülhanə Hərbi Tibb Akademiyasında müalicə etmiş professor Hayati Bilgiç Ulu Öndər Heydər Əliyevi şəxsən tanımaqdan duyduğu qüruru ifadə edib və Ümummilli Liderin insani və liderlik xüsusiyyətləri barədə fikirlərini bölüşüb.
Paneldə Ankara Universiteti Təhsil Elmləri Fakültəsinin professor Yıldız Dəvəci Bozkuş və Ankara Hacı Bayram Vəli Universitetinin İqtisadi və inzibati elmlər fakültəsinin dosenti Erman Akıllı təqdimatla çıxış edərək Ümummilli Liderin Azərbaycanın dövlət quruculuğundakı misilsiz rolundan danışıblar.
Anım tədbiri Ümummilli Liderin xatirəsinə həsr olunmuş musiqi proqramı ilə başa çatıb.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Siyasət 2024-05-09 22:35:00