×
A
A
A
Sazlamalar

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Tbilisi, 8 may, AZƏRTAC

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) maliyyələşdirməkdən imtina edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
O bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Şurasının 2023-cü il 23 noyabr tarixli “KTMT-2024 büdcəsi haqqında” qərarına qoşulmaqdan imtina edir və bununla da təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcək.
Bununla yanaşı, bu qərarın məhdud tərkibdə qəbul olunmasına etiraz etməyəcək.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan cari ilin fevral ayında ölkəsinin KTMT-də fəaliyyətini dondurması barədə məlumat vermişdi.
Mayın 8-də Paşinyan Rusiyaya səfər edib və məsələ bir daha müzakirə olunub.
Medianın məlumatına görə, KTMT Ermənistanın qurumu maliyyələşdirməkdən imtina etməsi barədə məlumatı təsdiqləyib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından bildirilib ki, bununla belə Ermənistan KTMT-nin üzvü olaraq qalır.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2024-05-08 21:18:00