×
A
A
A
Sazlamalar

Bu ilin ilk rübündə İstanbulda terror təşkilatlarına qarşı 576 əməliyyat keçirilib, 300 nəfər həbs olunub

İstanbul, 8 may, Günel Karatepe, AZƏRTAC

Bu ilin ilk rübündə İstanbulda terror təşkilatlarına qarşı keçirilən 576 əməliyyat nəticəsində 1256 nəfər saxlanılıb, onlardan 300-ü həbs edilib. Bu əməliyyatlardan 158-i PKK/KCK-ya, 220-i isə FETÖ terror təşkilatına qarşı icra olunub. Həbs edilənlərdən 64-ü PKK, 90-ı isə FETÖ üzvüdür.
AZƏRTAC xəbər verir ki, bu məlumatı İstanbul valisi Davut Gül açıqlayıb.
Bildirilib ki, ilin əvvəlindən etibarən şəhərdə 24 mütəşəkkil cinayətkar qrup məhv edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayət hadisələrinin sayı 10 faiz azalıb, bu cinayətlərdən 98 faizinin üstü açılıb. Narkotik maddələrin satışı və istifadəsinə qarşı mübarizə çərçivəsində həyata keçirilən əməliyyatlar zamanı 24 min 792 nəfər ələ keçirilib, onlardan 2 min 262-i həbs edilib.
Hazırda İstanbulda 5,5 milyondan artıq nəqliyyat vasitəsinin qeydiyyatda olduğunu bildirən Gül ölümlə nəticələnən qəzaların sayının da 7 faiz azaldığını deyib.
Vali şəhərdə ümumilikdə 1 milyon 92 min 697 əcnəbinin olduğunu, son dörd ay ərzində qanunsuz miqrasiyaya qarşı keçirilən 98 əməliyyatda saxlanılan 195 nəfərdən 75-nin həbs edildiyini bildirib.
İstanbulun 16 milyona yaxın əhalisi ilə dünyanın 15-ci ən böyük meqapolisi olduğunu qeyd edən vali şəhərdə 55 min 792-i polis olmaqla ümumilikdə təhlükəsizlik qüvvələrinin 64 min 314 əməkdaşının xidmət göstərdiyini deyib.

Dünya 2024-05-08 16:46:00