×
A
A
A
Sazlamalar

Monitorinq stansiyaları olmayan ərazilərdə hava keyfiyyətinin qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir

Bakı, 8 may, AZƏRTAC

Monitorinq stansiyaları ilə əhatə olunmayan ərazilərdə hava keyfiyyətinin operativ qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mayın 8-də Situasiya Mərkəzində keçirilən mətbuat konfransında deyib. O bildirib ki, 2019-cu ildən başlayaraq ölkədə mövcud olan hava keyfiyyəti üzrə monitorinq şəbəkəsinin modernizasiyası işlərinə başlanılıb, beş avtomatik rejimdə çalışan stansiya quraşdırılıb.
“Avtomatik stansiyalar Bakı şəhərində 3 ədəd, Sumqayıt və Gəncə şəhərlərində isə 1 ədəd olmaqla quraşdırılıb. Stansiyalardan atmosfer havasındakı toz hissəcikləri və qaz birləşmələrinin monitorinq nəticələri əldə olunaraq Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzinə ötürülür. Monitorinq stansiyaları ilə əhatə olunmayan ərazilərdə isə hava keyfiyyətinin operativ qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir”, - deyə G.Abbasova qeyd edib.

 

Cəmiyyət 2024-05-08 16:25:00