×
A
A
A
Sazlamalar

Tallində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Bakı, 8 may, AZƏRTAC

Azərbaycanın Estoniyadakı səfirliyinin təşkilatçılığı ilə Tallin Universitetinin Akademik Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə açılış nitqi ilə çıxış edən ölkəmizin Estoniyadakı səfiri Anar Məhərrəmov Ulu Öndərin müstəqil və demokratik Azərbaycan uğrunda apardığı mübarizədən, respublikanın ağır faciələrdən, siyasi və sosial-iqtisadi böhrandan qurtuluşu naminə üzərinə götürdüyü və müxtəlif mərhələlərdən keçmiş missiyasından danışıb.
Vurğulanıb ki, məhz Heydər Əliyevin tarixi xidmətləri nəticəsində Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik bərqərar olub, xarici siyasət sahəsində mühüm nailiyyətlər əldə edilib. Ulu Öndərin özünün banisi olduğu yeni neft strategiyası Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında həlledici rol oynayıb. Bu strategiyanın tərkib hissəsi kimi 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın gələcək uğurlu inkişafı üçün yeni üfüqlər açıb.
Diqqətə çatdırılıb ki, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinin tikintisi Azərbaycan neftinin beynəlxalq bazarlara çıxarılması üçün mühüm imkanlar yaradıb. Bundan başqa, Azərbaycan qazının Qərb bazarlarına ixracını təmin etmək məqsədilə Azərbaycanın təbii qazının Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqlinə dair sazişin imzalanması da məhz Heydər Əliyevin təşəbbüsü və qətiyyəti nəticəsində həyata keçirilib.
Vurğulanıb ki, bu gün Azərbaycan qlobal miqyasda mühüm və tarixi tədbirlərə ev sahibliyi edən mərkəzlərdən biridir. Təsadüfi deyil ki, Azərbaycanın bütün sahələrdə, o cümlədən ətraf mühitin mühafizəsi sahəsində əldə etdiyi nailiyyətlər ölkəmizin COP29-un ev sahibi ölkəsi kimi layiqincə seçilməsinə imkan verib.
Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gündən-günə artdığı və regional liderə çevrildiyi qeyd olunub.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş foto və kitab sərgisi ilə tanış olublar.

Cəmiyyət 2024-05-08 16:24:00

Video