×
A
A
A
Sazlamalar

Dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu

Bakı, 8 may, AZƏRTAC

Tarixən xalqın və dövlətin həyatında, dövlətlərarası münasibətlərdə böyük dövlət adamları misilsiz rol oynayırlar. Onların fəaliyyəti zaman-zaman müxtəlif dövlət və hökumət başçıları tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin Azərbaycana səfər etmiş Slovakiya Respublikasının Baş naziri Robert Fitsonla keçirdiyi görüş, aparılan danışıqlar, imzalanan sənədlər və birgə mətbuat konfransında söylənilən fikirlər bunu bir daha göstərdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı professor Musa Qasımlı söyləyib. O bildirib ki, tərəflərin imzaladıqları strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətləri ən yüksək səviyyəyə qaldırır. Professor bu bəyannamənin mühüm məqsədləri əks etdirdiyini və əməkdaşlığın perspektivlərini müəyyən etdiyini söyləyib.
“Bu səfər münasibətlərdə yeni səhifə açır. Müdafiə və müdafiə sənayesi sahələrində imzalanan sənədlər münasibətlərin təməllərini möhkəmləndirir və ona yeni keyfiyyət verir. 44 günlük müharibə ərəfəsində işğalçı ölkəyə ötürülən silahlar baxımından qiymətləndirildikdə bu, böyük bir işdir. Slovakiya Azərbaycan qazını alacaq 9-cu ölkə olacaq. Bütün bunlar öz yerində. Amma ən başlıca məsələlərdən biri Baş nazir Robert Fitsonun Prezident İlham Əliyev və ölkəmiz haqqında dedikləridir: “...Siz beşinci dəfə prezident seçilmisiniz. Bu, həqiqətən onun göstəricisidir ki, Siz bu ölkə üçün çox önəmli bir şəxsiyyətsiniz və Sizi yenidən seçilməyiniz münasibətilə təbrik edirəm. Sizə açıq şəkildə deyə bilərəm ki, təkbətək görüşümüzdə müzakirələrimiz ölkəniz və Sizin haqqınızda düşündüyümün təsdiqi oldu. Siz suveren xarici siyasətin tərəfdarısınız. Siz beynəlxalq hüququ müdafiə edən şəxsiyyətsiniz. Siz praqmatik şəxsiyyətsiniz və Sizin xarici siyasətiniz təkcə bir istiqamətdə köklənməyib. Siz ərazi bütövlüyünün nə dərəcədə vacib olduğunu çox gözəl bilirsiniz”. Robert Fitsonun Prezident İlham Əliyev haqqında dediyi fikirlər dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolunu bir daha əks etdirir”, - deyə Musa Qasımlı fikrini yekunlaşdırıb.

Siyasət 2024-05-08 14:58:00