×
A
A
A
Sazlamalar

Çoxşaxəli xarici siyasət kursu Azərbaycanı daha mühüm tərəfdaşa, önəmli aktora çevirib

Bakı, 19 may, Rabil Kətanov, AZƏRTAC

Azərbaycanın Qarabağı Ermənistanın işğalından azad etməsi təbii ki, bəzi siyasi dairələrin regiondakı geosiyasi maraqlarına uyğun olmadı. Fransa Ermənistanı regionda Yeni Kaledoniya, Korsika kimi müstəmləkəsinə çevirmək məqsədilə revanşist qüvvələrə dəstək verməyə, Azərbaycanı təcrid etməyə cəhd göstərməyə başladı. Bu ölkə tərəfindən Ermənistanın silahlandırılması (Ermənistana hərbi texnika göndərilməsi, binokl diplomatiyası və s.), Avropa təsisatlarında ölkəmizə qarşı qərəzli qətnamələrin qəbul etdirilməsi, müxtəlif qarayaxma kampaniyalarının aparılması işlərinə başlanıldı. Hətta ölkəmizə qarşı sanksiyaların tətbiqi məsələsi gündəmə gətirildi. Lakin onların bütün cəhdləri iflasa uğradı. Çünki Azərbaycan hər zaman haqqın, ədalətin tərəfində olub, heç kimdən asılı olmayan müstəqil siyasət yürüdüb, milli maraqlarını hər şeydən üstün tutub. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanın yürütdüyü praqmatik xarici siyasəti istər Avropa, istər ABŞ, istərsə də Çin və digər ölkələr ilə münasibətləri normal məcrada inkişaf edir. Cari ilin əvvəlindən Azərbaycan Prezidentinin xarici səfərlərinə, ölkəmizə səfərə gələn dövlət və hökumət başçılarının sayına, həmçinin qarşılıqlı əlaqələr haqqında imzalanan sənədlərə diqqət yetirsək, Azərbaycanın beynəlxalq aləmdəki yerinin və mövqeyinin uğurlu olduğunu görərik.

Xarici əlaqələrin, tərəfdaşlığın möhkəmləndirilməsi və daha da inkişafı

Bu ilin fevralında 180 dövlətin nümayəndələrinin və 50-dən çox ölkənin rəhbərinin qatıldığı Münxen Təhlükəsizlik Konfransında iştirak edən Prezident İlham Əliyev İsrail Prezidenti İsxak Hersoq, ATƏT-in fəaliyyətdə olan sədri İan Borq, ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Horxşteyn, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohan David Vadeful, Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms, Türkiyənin xarici işlər naziri Hakan Fidan və əlbəttə ki, Almaniya Kansleri Olaf Şolst ilə görüşləri diplomatiyamızın əhatə dairəsini göstərir. Maraqlı məqam həm də ondan ibarətdir ki, bütün görüşlərdə Azərbaycanla əməkdaşlıq məsələləri müzakirə olunub. Bu da onu göstərir ki, Azərbaycana maraq ildən-ilə artır, bizneslə yanaşı, ölkəmizlə siyasi əlaqələr də gündəmdə olan mövzulardandır.
Prezident İlham Əliyevin təkcə Münxen Təhlükəsizlik Konfransındakı görüşləri və apreldə ikinci dəfə Almaniyaya səfəri göstərir ki, Azərbaycan antiterror tədbirlərindən sonra nəinki təcrid olunmadı, əksinə, mövqeyini daha da möhkəmləndirdi. Azərbaycanla iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlığa can atan ölkələrin sayı daha da artdı. Bütün bunların fonunda isə Fransa ilə erməni lobbisinin məkrli niyyətləri elə gözlərində də qaldı.

Azərbaycanın ticarət tərəfdaşları arasında ilk yerlərdə dayanan, Avropanın inkişaf etmiş dövlətlərindən biri olan İtaliya ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Ötən ilin 6 ayında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 11 milyard 73 milyon 487 min dolar olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Qlobal siyasətə təsir etmək imkanına malik Böyük Britaniya ilə Azərbaycan arasındakı əlaqələri də xüsusi qeyd etmək lazımdır. Rəsmi London Orta Dəhliz, TAP, TANAP boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrini dəstəkləyib. Bu layihələr Avropa ilə Asiya arasında iqtisadiyyat, nəqliyyat və ticarət əlaqələrinin inkişafında böyük rol oynayır. Bu gün Azərbaycanda Böyük Britaniyanın 650-dən çox şirkəti fəaliyyət göstərir.
Azərbaycan, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malik ölkədir. Bunu Avropa strukturlarında da yüksək qiymətləndirirlər. Rusiya ilə Ukrayna arasındakı hərbi münaqişə Avropanın enerji təchizatına zərbə vurub. Lakin etibarlı tərəfdaş olduğunu bir daha isbatlayan Azərbaycan bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ildə 20 milyard kubmetrədək qaz ixrac edir.
Bu ay Bolqarıstan və Belarus prezidentlərinin, Slovakiya Baş nazirinin Azərbaycana səfərləri və imzalanan sənədlər ikitərəfli əlaqələrin yalnız qaz təchizatı ilə bağlı olmadığını, daha yüksək səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir. Avropa İttifaqına üzv 10 dövlətlə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Qeyd olunan faktlara baxmayaraq, Avropada erməni lobbisi tərəfindən maliyyələşdirilən siyasi şəxslər və qruplar cılız maraqları naminə demokratiyadan sui-istifadə edib Azərbaycanı mənfi obrazda təqdim etməyə çalışırlar. Lakin Azərbaycanın geosiyasi mahiyyəti, coğrafi mövqeyi, iqtisadi imkanları, təbii sərvətləri, dayanıqlı inkişafa meyilli olması, dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığa açıq olması Avropanın ciddi siyasi qurumlarının nəzərindədir. Buna görə də əminliklə söyləmək olar ki, Avropada ölkəmizin əleyhinə çıxış edən kiçik qüvvələrin arzuları öz gözlərində qalacaq.

ABŞ-Azərbaycan əlaqələrinə gəlincə isə qeyd etməliyik ki, rəsmi Vaşinqton həmişə Azərbaycanın regionda həyata keçirdiyi beynəlxalq əhəmiyyətli iqtisadi layihələri dəstəkləyib. Azərbaycandan Avropaya uzanan nəqliyyat xətləri, neft və qaz kəmərləri ABŞ-ın siyasi dəstəyi ilə həyata keçirilib. Münxen səfəri çərçivəsində Prezident İlham Əliyevin ABŞ-ın üç rəsmisi ilə görüşləri oldu. Prezident İlham Əliyevin Dövlət katibi Antoni Blinkenlə yanaşı, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri, həmçinin Cozef Baydenin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynlə görüşlərin məhz qarşı tərəfin müraciəti əsasında baş tutması rəsmi Vaşinqtonun Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu nümayiş etdirir.
Xatırlatmaq yerinə düşər ki, hələ 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”ndə ABŞ-ın “Exxon Mobil”, “Chevron”, “DELL” kimi iri neft şirkətləri pay sahibi olublar. Həmçinin 2001-ci ildə Nyu-Yorkda göydələnlərə qarşı törədilən terror aksiyasından sonra Azərbaycan ABŞ-ın yaratdığı beynəlxalq antiterror koalisiyasına qoşulub və bu ölkənin aviasiya vasitələrinə Əfqanıstana uçmaq üçün öz ərazisindən istifadəyə icazə verib.

COP29 – Azərbaycanın qlobal yaşıl keçid gündəliyinə töhfəsi

Azərbaycanın Qərb dövlətləri ilə münasibətlərində inkişaf meyilləri göz önündədir. Təsadüfi deyil ki, Avropa və ABŞ rəsmiləri COP29-un Azərbaycanda keçirilməsini dəstəkləyir və qlobal xarakterli bu tədbirin keçirilməsi üçün köməklərini təklif edirlər. Azərbaycan da öz növbəsində COP gündəliyinin irəlilədilməsində, ölkənin təmiz enerjiyə keçidində qəti mövqe nümayiş etdirir. Artıq neçə ildir ki, Azərbaycan ölkədə yaşıl enerjiyə keçid istiqamətində nəhəng işlərə start verib. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək. Bundan əlavə, azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları inşa edilib. Bu stansiyaların istehsal gücünün 500 meqavata çatdırmaq üçün konkret proqram hazırlanıb. Eyni zamanda, ölkə ərazisində günəş və külək enerjisi stansiyaları istifadəyə verilib.


Ermənistanı müstəmləkəyə çevirmək naminə Azərbaycana qarşı oyunlar quran Fransa Avropa İttifaqının təmsilçisi Cozef Borrelin hikkələrinə baxmayaraq, ölkəmizin xarici siyasətində praqmatik düşüncə əsas tutulur və münasibətlər normal şəkildə irəliləyir. Perspektivdə Azərbaycanın Avropa strukturları və ABŞ ilə yeni beynəlxalq mahiyyət daşıyan iqtisadi layihələrin birgə reallaşdırılması işləri dayanır.

Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm qovşaq kimi

Təkcə Qərb ölkələri deyil, müasir dövrümüzdə dünya iqtisadiyyatında aparıcı mövqedə dayanan Çin də Azərbaycanı yaxın tərəfdaşı və müttəfiqi kimi qəbul edir. Çindən Avropaya qədər uzanan nəqliyyat yolları tranzit olaraq Azərbaycandan keçir. Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) formalaşmasında xüsusilə maraqlıdır. Çindən Avropaya və əks istiqamətə gedən yüklər Mərkəzi Asiya və Azərbaycandan keçir. Ümumiyyətlə, Azərbaycan Mərkəzi Asiya, həmçinin Çin üçün vacib nəqliyyat qovşağıdır. Ötən ilin 9 ayında Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 50 faiz artaraq 2 milyard 574 milyon dolları, bu ilin ötən dövrü ərzində isə 3 milyard dolları ötüb. Qeyd edək ki, hazırda Azərbaycanın Çinin Nankin, Tsindao, Kançatsie, Sian, Çendu və Pekin kimi şəhərlərində ticarət evləri, həmçinin Şanxay, Harbin, Tsinan və Uhanda 4 ticarət obyekti fəaliyyət göstərir.
Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatırdığı birbaşa investisiyanın həcmi 1 milyard dollara yaxındır. Azərbaycanda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərində həyata keçirilən infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri də müraciət ediblər. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb. İqtisadi əlaqələr siyasi münasibətlərin inkişafı üçün əsas yaradır. Bu baxımdan Çinin Azərbaycanla hazırkı münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Yaxın zamanlarda hər iki dövlətin liderinin beynəlxalq platformalar çərçivəsində görüşü də gözlənilir. Çin-Azərbaycan əlaqələrində Mərkəzi Asiya respublikalarının da rolu var. Çindən Avropaya uzanan nəqliyyat dəhlizləri Mərkəzi Asiya ölkələrindən keçir ki, Azərbaycan da bu dövlətlərlə yaxın əlaqələrə malikdir. Cari ildə Qırğızıstan, Qazaxıstan və Özbəkistan prezidentlərinin Azərbaycana, o cümlədən işğaldan azad edilən Qarabağa səfərləri, bu ölkələr tərəfindən dostluğun əlaməti olaraq sosial infrastruktur obyektlərinin inşa edilməsi qarşılıqlı əməkdaşlığın səmimi xarakterindən xəbər verir. Ümumilikdə götürsək, Mərkəzi Asiya respublikaları Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və bu gün də öz dəstəklərini davam etdirirlər.
Azərbaycanın xarici siyasətində təbii ki, Rusiya da mühüm amildir. Hər iki dövləti 200 ildən artıq davam edən münasibətlər birləşdirir. Ölkələrimiz arasında imzalanmış 260-dan çox sənəd münasibətlərimizin çoxistiqamətli şəkildə genişləndirilməsi üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın qeyri-neft ixracatında ən böyük tərəfdaşı olan Rusiya ilə ticarət dövriyyəsi dinamik surətdə artır. 2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsinin həcmi təxminən 4,5 milyard ABŞ dolları təşkil edib. Azərbaycan və Rusiya, həmçinin müttəfiq dövlətlər qlobal xarakter daşıyan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılmasında iştirak edirlər. Rusiya Körfəz və Cənub Şərqi Asiya ölkələri ilə iqtisadi-ticari əlaqələrini Azərbaycan ərazisindən həyata keçirmək niyyətindədir. Hindistandan ixrac olunan yüklər Mumbay limanından İranın Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiyaya və Avropaya daşınacaq. Azərbaycanın hələ SSRİ dövründən Rusiya ilə dəmir yolu əlaqəsi var. Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi artıq istismara buraxılıb, Rəşt-Astara hissəsində isə işlər davam edir. Bu yol hazır olduqdan sonra isə Sankt-Peterburqdan çıxan yüklər qatarlar vasitəsilə Azərbaycan və İran ərazilərindən tranzit keçərək Hindistana və Körfəz ölkələrinə çatdıracaq. Rusiya ilə Azərbaycan, eyni zamanda, iqtisadi, siyasi, nəqliyyat, hərbi, mədəniyyət sahələrində qarşılıqlı hörmət əsasında əməkdaşlıq edir.

Bu gün Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak etmələri, keçirdikləri görüş ilə qarşılıqlı münasibətlərdəki anlaşılmaz məqamların arxada qaldığını deyə bilərik. İran Azərbaycan ilə ən böyük sərhədə malik dövlətdir və qarşılıqlı əlaqələrimizin tərəflər üçün səmərəli formada davam etməsi rəsmi Bakı ilə Tehranın maraqlarına cavab verir.
Yuxarıda göstərilən və qeyd edilməyən neçə-neçə faktlar onu göstərir ki, Azərbaycan yürütdüyü məqsədyönlü və praqmatik siyasəti ilə beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı, etibarlı tərəfdaş imicini də getdikcə möhkəmləndirir, bölgədə və dünya arenasında mühüm aktorlardan birinə çevrilir.

Siyasət 2024-05-19 17:23:00