Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib VİDEO
Zəngilan, 8 may, Aydın Yavərzadə, AZƏRTAC
Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında müxtəlif istiqamətlərdə kompleks tibbi müayinələrin, eyni zamanda, sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir mayın 8-də baş tutub. Aksiya zamanı Səhiyyə Nazirliyi akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Zəngilan rayonunun Ağalı kəndində əhali üçün kardioloji müayinələr təşkil edilib. Həmçinin institutun təcrübəli həkimləri tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də əhalinin tibbi müayinələri keçirilib.Tədbirin əsas məqsədi vətəndaşları ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müalicələrin təyin edilməsidir.
Aksiya çərçivəsində ETKİ-nin kardioloq, nevropatoloq, endokrinoloq, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi təyin olunub.
Tədbirdə iştirak edən Ağalı və Cocuq Mərcanlı kəndlərinin əhalisinin müayinəsi zaman səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin edilib.
Aksiya zamanı Ağalı kəndində 250-ə yaxın, Cocuq Mərcanlıda isə 150-dən çox vətəndaş müayinələrdən keçirilib. Ehtiyacı olan vətəndaşlara isə paytaxta invaziv müayinə üçün göndərişlər verilib.
Müayinələrdən sonra sağlam həyat tərzinin təşviqi ilə bağlı, eyni zamanda, yüksək təzyiq və ürək tutması zamanı ilk tibbi yardımın göstərilməsinə dair Zəngilan və Cəbrayıl ictimaiyyəti üçün maarifləndirici tədbir təşkil olunub.
Latviya Parlamentinin sədri Şuşaya gəlib - YENİLƏNİB VİDEO
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
Ağsu dolaylarında asfalt çöküb
Latviya Respublikası Parlamentinin sədri Füzuliyə gəlib YENİLƏNİB
Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 8227 məktəbli iştirak edib