×
A
A
A
Sazlamalar

Slovakiyanın Baş nazirinin səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açacaq ŞƏRH

Bakı, 8 may, AZƏRTAC

Müstəqil Azərbaycanın qarşılıqlı maraqlar, müstəqillik və suverenlik prinsipləri əsasında həyata keçirdiyi ardıcıl çoxşaxəli xarici siyasət kursu beynəlxalq miqyasda, o cümlədən Avropa İttifaqı məkanında ölkəmizə çoxlu dostlar qazandırıb. Azərbaycan Avropa İttifaqında təmsil olunan ayrı-ayrı ölkələrlə intensiv təmaslara malikdir və 9 üzv dövlətlə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb. Azərbaycanın “qoca qitə”də tərəfdaşlıq münasibətlərini getdikcə daha da inkişaf etdirdiyi ölkələrdən biri də Slovakiyadır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
O bildirib ki, Slovakiyanın Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri çərçivəsində perspektiv əməkdaşlığın müxtəlif aspektlərinə aid aktual məsələlər müzakirə edildi, həmçinin təkbətək və geniş tərkibdə görüşlər keçirildi, mətbuata birgə bəyanat verildi. Slovakiyanın hökumət rəsmisinin Azərbaycana səfəri Avropa İttifaqına üzv ölkələr arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqləmiş oldu və iki ölkə arasında münasibətlərin dünəni, bugünu və gələcəyi barədə aydın təsəvvür yaratdı.
“Səfər iki ölkə arasında əlaqələrin inkişafında yeni səhifə kimi dəyərləndirildi. Bu yeni səhifəyə əsas verən iki ölkə arasında imzalanan sənədlər oldu. Belə ki, səfər çərçivəsində Azərbaycan ilə Slovakiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu qeyd edildi. Siyasi münasibətlərin daha da möhkəmləndirilməsinin bilavasitə iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtləndiyini nəzərə alan tərəflər ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin arzuolunan səviyyədə inkişaf etdirilməsini son dərəcə vacib bilirlər. Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır”, - deyə A.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, Slovakiya Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu yüksək qiymətləndirir, son illərdə ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Bu baxımdan dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin və Baş naziri Robert Fitsonun iştirakı ilə ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə, hərbi-texniki əməkdaşlıq sahəsində anlaşma memorandumu, müdafiə sahəsində sazişin imzalanması əməkdaşlıq əlaqələrimizin daha da güclənməsi üçün yeni perspektivlər açacaq. Müdafiə sənayesi birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara başlanması əlaqələrin yeni mərhələyə adladığını göstərir.
“Mətbuata bəyanatında Azərbaycanın enerji diplomatiyasının uğurlarından geniş bəhs edən Prezident İlham Əliyev çoxtərəfli əməkdaşlıq sahəsində atılan addımları və uğurlu nəticələrdən bəhs etdi və bu da təsadüfi deyil. Çünki Azərbaycanın enerji təhlükəsizliyi hazırda bütün dünyada xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın zəngin karbohidrogen ehtiyatları imkan verir ki, təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa ilə tərəfdaş olsun. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir. 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalandı və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradıldı. Mətbuata birgə bəyanatda Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsinə də xüsusi diqqət yönəldilərək bildirildi ki, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir”, - deyə A.Məmmədov bildirib.
O qeyd edib ki, işğaldan azad edilmiş Ağdamın Qərvənd kəndinin Slovakiya şirkətləri tərəfindən yenidən qurulması həm böyük rəmzi məna daşıyır, həm də əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir.
“Ümumilikdə Azərbaycanla Slovakiya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi istiqamətində atılan addımlar yüksək nəticələrin əldə olunacağına əsas verir. Bu səfər onu göstərdi ki, rəsmi Bratislava Cənubi Qafqazın ən aparıcı və perspektivli ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir”, - deyə deputat vurğulayıb.

Siyasət 2024-05-08 12:46:00