×
A
A
A
Sazlamalar

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm addımlar atılıb

Naxçıvan, 8 may, AZƏRTAC

Naxçıvan diyarı dövlətimizin çoxəsrlik keçmişində hər zaman mühüm yer tutub, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynayıb. Əhəmiyyətli strateji mövqeyə malik olan Naxçıvan tarixboyu gərgin siyasi mübarizələr meydanına çevrilib. Belə dövrlərdən biri də ötən əsrin 20-ci illərində olub. Tarixi ədalətsizlik nəticəsində SSRİ dövründə Ermənistana verilən Zəngəzur dəhlizi Naxçıvanı Azərbaycanın qərb rayonları ilə ayırsa da, Naxçıvan Azərbaycan Respublikasının tərkib hissəsi kimi daim dövlətimizin və respublika rəhbərliyinin xüsusi diqqət mərkəzində olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Naxçıvanda keçirilən “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfransda deyib.
O bildirib ki, müstəqil Azərbaycanın memarı olan Ulu Öndərin səyləri nəticəsində Naxçıvan erməni işğalından, muxtariyyəti isə ləğv olunmaq təhlükəsindən xilas edildi: “Ümummilli Liderin rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan parlamentinin iclasında müstəqil dövlətçilik tariximizlə bağlı mühüm tarixi qərarlar qəbul olunub, muxtar respublikanın adından “sovet, sosialist” sözləri çıxarılıb, Ali Sovetin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılıb. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunub və onun Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi barədə Azərbaycan Respublikasının Ali Soveti qarşısında vəsatət qaldırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin 1999-cu il 4 fevral tarixli Fərmanı ilə Naxçıvanın 75 illik yubileyi geniş qeyd olunub”.
A.Bağırov söyləyib ki, Ulu Öndərin xalqın qətiyyətli təkidi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdışı nəticəsində müstəqillik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri təşkil edən yeni bir ideologiyanın əsası qoyulub, ölkəmizdə insan hüquq və azadlıqlarının təmini, inkişafı və müdafiəsi sahəsində bir sıra mühüm addımlar atılıb: “Bu addımların başında məhkəmə-hüquq sahəsində aparılan mütərəqqi islahatlar yer alırdı. Belə ki, 1995-ci ildə ümumxalq səsverməsi ilə Konstitusiyamız qəbul olundu və Konstitusiyada blokada şəraitində olan Naxçıvanın muxtariyyət statusu bir daha öz əksini tapdı. Ulu Öndərin başçılığı ilə Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası hazırlanıb və 1998-ci ildə qəbul edilib”.
Vəkillər Kollegiyasının sədri deyib: “Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşmasının bilavasitə Ulu Öndərin adı ilə bağlı olması danılmaz faktdır. Belə ki, hələ SSRİ dövründə məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-nin 1978-ci il Konstitusiyasında vəkilliklə bağlı müddəalar öz əksini tapıb. Bununla da vəkilliyə yüksək konstitusion status verilib. Bütün bu fəaliyyətin məntiqi davamı olaraq, Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalanıb, Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşıb və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə çevrilib”.
“Heydər Əliyevin müəyyən etdiyi fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlər Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən daha da sürətləndirilib, beynəlxalq münasibətlərin inkişafı tam təmin olunub”, - deyə sədr əlavə edib.

Regionlar 2024-05-08 12:42:00