×
A
A
A
Sazlamalar

Anar Bağırov: Naxçıvanda təxminən hər 20 min nəfərə bir vəkil düşür

Naxçıvan, 8 may, AZƏRTAC
Vəkilliyə qəbul sahəsində kifayət qədər mütərəqqi işlər həyata keçirilir. Hazırda Naxçıvanda 20 vəkil fəaliyyət göstərir və bu, çox azdır. Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının hesabatına əsasən, Azərbaycanda 4500 nəfərə bir vəkil düşürsə, Naxçıvanda təxminən hər 20 min nəfərə bir vəkil düşür.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Naxçıvanda keçirilən “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfransda söyləyib.
O bildirib ki, bu gün, torpaqlarımız üzərində suverenliyimiz tam bərpa olunandan sonra ilk dəfə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında andiçmə mərasimi keçiriləcək və 9 namizəd and içərək vəkil vəsiqələrini əldə edəcəklər. “Ötən qısa dövrdə Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasında fəaliyyət göstərən vəkillərin sayında 100 faiz artım olub. Naxçıvan Muxtar Respublikasında vəkillik fəaliyyətini dayandıran 4 nəfərin fəaliyyəti Naxçıvan Muxtar respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə bərpa edilib, 2 vəkil isə Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən vəkillik fəaliyyəti göstərmək üçün Naxçıvana göndərilib”, - deyə Anar Bağırov əlavə edib.

Regionlar 2024-05-08 11:00:00