×
A
A
A
Sazlamalar

Müharibə qəhrəmanlarının xatirəsi illər boyu yaşayır

Bakı, 8 may, Aişə Axundova, AZƏRTAC

50-ci illərin ortalarında Brest qalasındakı gedən döyüşlərdən və onun müdafiəçilərindən bəhs edən kitablardan birinin müəllifi, yazıçı Sergey Smirnov Bakıdan məktub alıb.
AZƏRTAC xəbər verir ki, Sovet Ordusunun keçmiş zabitinin dul arvadı Asiya Hüseynzadə 1944-cü ildə Brestin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş həyat yoldaşı Əliheydər İbrahimov haqqında yazırdı.
Məlum olduğu kimi, Böyük Vətən Müharibəsinin tarixi SSRİ-nin Qərb qalası olan Brest qalasının müdafiəsindən başlayıb: 1941-ci il iyunun 22-nə keçən gecə müxtəlif millətlərdən olan hərbi qulluqçulardan ibarət qala qarnizonu düşmən hücumunun ilk dəhşətli zərbəsini öz üzərinə götürdü. 1944-cü ilin yayında da burada qanlı döyüşlər gedirdi. Sovet qoşunlarının hissələri Brest şəhərini azad etdilər və nasistləri daha irəliyə qovdular. Həmin günlər Əliheydər İbrahimov da daxil olmaqla Azərbaycan diviziyalarının döyüşçüləri qəhrəmancasına vuruşublar.
Qvardiya mayoru Əliheydər Əliqulu oğlu İbrahimov 1906-cı ildə Bakı yaxınlığında, Bilgəh qəsəbəsində anadan olub. Müharibənin ilk günlərindən o, artilleriya diviziyasının komandiri olub. Cəbhədəki üç il ərzində o, Ukrayna, Belarus, Qafqaz və Krımda döyüşüb, Odessanın azad edilməsində iştirak edib. Qırmızı Bayraq ordeni, iki Aleksandr Nevski ordeni, Qırmızı Ulduz ordeni və bir çox medalla təltif edilib. 1944-cü ilin yayında Brestin azad edilməsi uğrunda gedən döyüşlərdə mayor İbrahimov ağır yaralanmışdı.
Hospitalda özünə gəldikdən sonra Bakıya həyat yoldaşına məktub yazmağı xahiş edib. Onlar müharibə başlamazdan bir müddət əvvəl evləniblər və bir-birlərini çox sevirdilər, ailədə bir qız uşağı dünyaya gəlmişdi.
Ərinin ağır yaralanması və Penzadakı hospitalda olması barədə teleqramı aldıqdan sonra Asiya xanım dərhal onun yanına getdi. O, yüzlərlə dağılmış dəmir yolu stansiyasından keçərək bir həftədən sonra Penzaya çatıb. Hospitala gələndən sonra qvardiya mayor İbrahimovu soruşdu. Gənc tibb bacısı dedi: "Həyat yoldaşın hər iki gözünü itirib. Bu halda o sənin nəyinə gərəkdir? Başqasını taparsan".
Həyat yoldaşını palatada görəndə az qala huşunu itirdi. O, üzünü ona tərəf çevirdi. Yenə də həmin sual verildi: "Mən bu halda sənin nəyinə lazımam?" O, gücünü toplayıb cavab verdi: “İndi mən səni daha çox sevirəm”.
Hospitalda müalicə olunduqdan bir müddət sonra Asiya xanım həyat yoldaşı və müharibədə bir ayağını itirmiş Göyçay rayonundan olan gənc döyüşçü ilə Bakıya evinə qayıtdılar. Keçmiş hərbi zabit, əla idmançı, inanılmaz cəsarət və enerjiyə malik Əliheydər əlilliyi ilə heç vaxt barışa bilməyib, dinc həyata alışmaqda çətinlik çəkirdi.
Günlərin bir günü həyat yoldaşını ağır düşüncələrdən ayırmaq üçün Asiya onu sevimli artist, tayı-bərabəri olmayan ifaçısı Rəşid Behbudovun konsertinə apardı. O, həyat yoldaşının yanında oturmuşdu və ona həyəcanla müşahidə edirdi. Onun göz yaşlarını görüb soruşdu: "Bəyənmədin?». Məlum olub ki, Rəşid Behbudovun ifasında Azərbaycan xalq mahnıları onun göz yaşlarına səbəb olub.
Ağır yaralarından sağalmayan Əliheydər İbrahimov 1953-cü ilin noyabrında, 47 yaşında vəfat edib. O, doğma qəsəbəsi Bilgəhdə dəfn olunub. Qəhrəmanın məzarı üzərində görkəmli azərbaycanlı heykəltəraş Fuad Abdurəhmanovun düzəltdiyi bürünc büst qoyulub. Qəbirüstü kitabədə yazılıb: “Burada Azərbaycan xalqının igid oğlu dəfn olunub”.
... Azərbaycanlı Asiya Hüseynzadənin məktubu yazıçı Sergey Smirnovu çox həyəcanlandırdı. O, 1956-cı ildə Brest qalasının qəhrəmanları haqqında radio verilişlərindən birində bu məktubu oxudu.
Həmin illərdə Azərbaycan mətbuatında müharibə qəhrəmanı Əliheydar İbrahimov və onun həyat yoldaşı haqqında çoxsaylı oçerklər və məqalələr dərc edildi. Daha sonra isə yazıçı Pyotr Simonov Bakıdan olan ər-arvadın sevgi hekayəsinə həsr etdiyi "İki ürək" kitabını yazdı.

 

Cəmiyyət 2024-05-08 02:40:00