×
A
A
A
Sazlamalar

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

Bakı, 7 may, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı Beynəlxalq Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunub, abidəsi önünə gül dəstələri düzülüb.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev görkəmli siyasət və dövlət xadimi kimi Ulu Öndər Heydər Əliyevin bütün dünyada nüfuzlu şəxsiyyət olaraq tanındığını diqqətə çatdırıb. O vurğulayıb ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin mükəmməl ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz Ümummilli Liderin adı ilə bağlıdır.
Digər çıxış edənlər vurğulayıblar ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə əlaqədardır. Ümummilli Lider Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Həyatının mənasını xalqına xidmət etməkdə görən Ulu Öndər Heydər Əliyevin siyasətinin nəticəsidir ki, bu gün müstəqil və demokratik Azərbaycan hərtərəfli inkişaf yolundadır.
Daha sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, partiya sıralarına yeni qoşulan gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir bədii hissə ilə başa çatıb.

2024-05-07 18:05:00