×
A
A
A
Sazlamalar

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

İstanbul, 7 may, Günel Karatepe, AZƏRTAC

İşğal altındakı torpaqların azad edilməsindən sonra Ermənistan tərəfindən Qarabağın Azərbaycan torpağı olmasını təsdiqləyən addımların atılması İrəvanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq niyyətini göstərir. Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində işlərin başlamasının da əsas səbəbi Qarabağ probleminin Azərbaycanın lehinə qəti həllini tapması oldu.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində İstanbul Aydın Universitetinin siyasət və beynəlxalq münasibətlər üzrə mütəxəssisi professor Tarık Oğuzlu səsləndirib.
Hazırkı Ermənistan hökumətinin keçmiş hakimiyyətlə müqayisədə Azərbaycanla, eyni zamanda, Türkiyə ilə davamlı sülhün bərqərar edilməsi istiqamətində daha istəkli olduğunu vurğulayan professor deyib: “Bu məqamda baş nazir Nikol Paşinyana qarşı Ermənistan daxilində ciddi müxalifətin olduğunu da unutmamalıyıq. Lakin buna baxmayaraq, bütün Ermənistanın vəziyyətə müxalifətin gözü ilə baxdığını da qətiyyən düşünmürük. Türkiyədən baxdıqda bölgədə qüvvələr nisbətinin dəyişdiyini, Ermənistanın hadisələrə əvvəlki kimi üstün tərəf olmadığını və Azərbaycana uduzan bir İrəvan görürük. Türkiyə son zamanlar xarici siyasətində qonşuları ilə münasibətlərini daha da yaxşılaşdırmaq istəyir, bu ölkələr arasında Ermənistan da var. Hər kəs Ermənistanın vasitəçi olmadan Azərbaycan və ya Türkiyə ilə aparacağı müzakirələrin daha səmərəli nəticələr verəcəyi, problemlərin həllini daha da sürətləndirəcəyinə inanır. Azərbaycan ilə Ermənistan arasındakı son danışıqlar bunu sübut etdi”.
Həm Fransa, həm də ABŞ-da böyük erməni diasporunun olduğunu, onların yaşadıqları ölkələrdə Türkiyəyə qarşı ciddi lobbiçilik fəaliyyəti apardıqlarını qeyd edən siyasi şərhçi bildirib ki, bu qüvvələrin hazırkı vəziyyətə müdaxilə etmək üçün addımlar atdıqları da aydın məsələdir. Lakin burada Ermənistanın dünyadan təcrid edilmiş, dalana çevrilmiş ölkə olduğunu unutmamalıyıq. Bundan ən çox əziyyəti erməni xalqı çəkir. Bu ölkənin dünyaya açılaraq əhalinin rifahının yaxşılaşdırılması burada əsas məsələdir. Bu baxımdan Ermənistanın inkişafına maneçilik törədən amillərdən xilas olması üçün həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərini yaxşılaşdırması çox vacibdir. Hazırda Ermənistana guya dəstək olduğunu nümayiş etdirən Qərbin də onun arxasında nə qədər duracağı müəmmalıdır. Son vaxtlar Fransa kimi ölkələr özlərini Rusiyaya qarşı Ermənistana daha çox dəstək verirmişlər kimi göstərməyə çalışırlar. Lakin Ermənistan bunun uzun müddət davam etməyəcəyini bilməlidir. Ölkənin davamlı rifahının yeganə rolu region ölkələri, xüsusilə də Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır.
“Son vaxtlar Paşinyan bəzi erməni siyasətçilərin təzyiqlərinə baxmayaraq, açıqlamalarında gözlənilməz ifadələr işlədərək münasibətlərin yaxşılaşdırılmasına müsbət yanaşdığını nümayiş etdirir. Bu yaxınlarda Azərbaycan kəndlərinin qaytarılması da bunun bir nümunəsidir.
“Paşinyanın atdığı bütün bu addımlar qarşısında seçkiləri qazanan şəxs olduğunu da unutmamalıyıq. Bu, ictimaiyyətin əksəriyyətinin Paşinyanı dəstəklədiyini göstərir. Bu dəstəyin əhalinin neçə faizini əhatə etdiyini demək çətindir, lakin bu cür radikal açıqlamaları verə bilməsi üçün xalqın ən azından müəyyən bir hissəsinin dəstəyini alması vacibdir. Bütün bunlar olduqca mühümdür və bizim tərəfimizdən də dəstəklənməlidir”, - deyə Tarık Oğuzlu bildirib.
Qondarma erməni soyqırımı məsələsinə də toxunan professor deyib: “Bu məsələdə Türkiyənin xarici qüvvələrə artıq əvvəllər olduğu kimi, sərt reaksiyalar vermədiyini görürük. Təbii ki, 1915-ci il hadisələrində istər türklər, istərsə də ermənilərin ölümü ilə nəticələnən bəzi hadisələrin olduğu bilirik. Bu, ortaq kədərdir və təbii ki, anılmalıdır. Lakin Türkiyə bu hadisələrin siyasiləşdirilmədən tarixçilər tərəfindən araşdırmasının və diplomatik yollarla həllinin vacibliyi vurğulayır. Ermənistan hakimiyyətinin də bu məqamda ölkədəki ifrat millətçilərin qarşısını alaraq yumşaldığının şahidiyik”.

Siyasət 2024-05-07 16:08:00