×
A
A
A
Sazlamalar

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Bakı, 7 may, AZƏRTAC
Sumqayıt şəhər "Evdə" fərdi təhsil məktəbində yol verilən qanunsuzluqlar barədə vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
Sumqayıt Şəhər Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı həmin təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən 2018-ci ilin sentyabrından 2023-cü ilin sentyabrınadək müddətdə faktiki olaraq əmək funksiyalarını icra etməyən müəllimlər tərəfindən tədrisin aparılmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilərək əsassız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla ümumilikdə 250 min manatdan çox pul vəsaitinin mənimsənilməsi və israf olunmasına əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Cəmiyyət 2024-05-07 15:56:00