×
A
A
A
Sazlamalar

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb VİDEO

Sabirabad, 7 may, Aydın Yavərzadə, AZƏRTAC
Otuz bir il əvvəl Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Həsənov Vüqar Telman oğlunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları doğulduğu Sabirabad rayonunda torpağa tapşırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Vüqar Həsənovun nəşi ailəsinin yaşadığı və doğulub boya-başa çatdığı Sabirabad rayonunun Muğan Gəncəli kəndinə gətirilib. Vida mərasimi keçirilib, cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub. Sonra şəhidin nəşi kənd qəbiristanlığına gətirilib.
Dəfn zamanı şəhidlərimizin ruhuna dualar oxunub, Vüqar Həsənovun nəşi torpağa tapşırılıb.
Qeyd edək ki, 1992-ci ildə Vətənin dar günündə döyüşlərə qoşulan Vüqarın ilk döyüş yolu Laçın ərazisindən başlayıb. Füzulinin Mirzəcamallı, Qobu Dilağarda, Qızılqaya ərazilərində gedən döyüşlərdə düşmənin bir çox texnikasını və canlı qüvvəsini məhv edib. 1993-cü il avqustun 6-da Füzuli rayonunun Üçtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə ayağından yaralanıb. O gündən sonra ailəsi ondan xəbər ala bilməyib.
İkinci Qarabağ müharibəsində torpaqlarımız azad edildikdən sonra Vüqar Həsənovun nəşinin qalıqları 2022-ci ilin oktyabrında Xocavəndin Edilli kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb.

Regionlar 2024-05-07 13:59:00

Video