×
A
A
A
Sazlamalar

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

Bakı, 7 may, AZƏRTAC

Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin mayın 17-də üçüncü oxunuşda yenidən müzakirəyə çıxarılması gözlənilir. Qanun layihəsində bildirilir ki, qeyri-hökumət təşkilatları (QHT-lər) və müstəqil media maliyyə vəsaitlərinin 20 faizdən çoxunu xarici donorlardan aldıqları halda “xarici gücün maraqlarını daşıyan” təşkilat kimi qeydiyyatdan keçməlidirlər. Gürcüstan xalqı qanunun qəbul edilməsinin əleyhinə çıxış edərək küçə aksiyalarına başlayıb. Qeyd edim ki, Gürcüstan dövləti XXI əsrdə ciddi siyasi sınaqlarla üz-üzə qalıb. Hakimiyyətdə olan iqtidar mərkəzçilik siyasəti həyata keçirərək həm Qərb ölkələri, həm də Rusiya ilə balanslı siyasət həyata keçirir.
Bu barədə AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Rüstəm Tağızadə deyib.
O, Qərbin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbul olunmasının əleyhinə çıxış etməsinin səbəbini izah edib. O qeyd edib ki, ABŞ və Avropa ölkələri qrantlar və maliyyə yardımları vasitəsilə Gürcüstanda olan QHT-lərə, müxalifət partiyalarına dəstək verir. Siyasi şərhçinin sözlərinə görə, burada məqsəd Rusiyanın Gürcüstanda olan siyasi nüfuzunu zəiflətməyə xidmət edir
“Hesab edirəm ki, hökumət oktyabrda keçiriləcək seçkilərə kimi sözügedən qanunu qəbul etmək istəyir. Rusiya-Ukrayna müharibəsi davam etdiyi müddətdə Qərbin Cənubi Qafqazda möhkəmlənmək istəyi daha da artıb. Buna görə də geosiyasətin mürəkkəb çalarları Gürcüstanda da öz əksini tapır. Məlumdur ki, Qərbin əsas tərəfdarlarından olan Mixeil Saakaşvili hakimiyyətdən gedib. Gürcüstanda vətəndaş cəmiyyəti və QHT-lər qızğın mübarizə apararaq hökumətin planını pozmaq istəyir. Qərb ölkələri Gürcüstanın hazırkı hakimiyyətindən razı deyil. Bundan əlavə, Gürcüstanın Avropaya inteqrasiyası prosesində problemlər də yaşana bilər. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Qərbin Cənubi Qafqaz ölkələrinə təsiretmə mexanizmi güclənib. Biz bunu Ermənistanda baş verən son proseslər zamanı da müşahidə etdik”, - deyə politoloq qeyd edib.
Hazırda baş verənlərin fonunda gürcü hökuməti və xalqı arasında ziddiyyətlərin davam edəcəyini deyən Rüstəm Tağızadə əlavə edib: “Qərb və Rusiya arasında Gürcüstan uğrunda mübarizə daha da ciddiləşəcək. Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir. Ancaq Gürcüstanın siyasi və iqtisadi resursları azdır. Xalqın mitinqlər təşkil etməsi uzun müddət davam edərsə, bu ölkədə siyasi xaos da hökm sürə bilər. Təbii ki, istənilən halda dövlətdə xaosun olması siyasi institutların zəifləməsinə də şərait yaradacaq”.

Siyasət 2024-05-07 13:04:00