×
A
A
A
Sazlamalar

Uşaq yazıçısı Mehriban Nağıyeva ilə görüş təşkil olunub

Bakı, 6 may, AZƏRTAC

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında uşaq yazıçısı Mehriban Nağıyeva ilə görüş keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində Xəzər rayonunda yerləşən 149 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdlərinin ifasında yazıçının “Lovğa tülkü” nağılı əsasında hazırlanmış nağıl-tamaşa təqdim olunub. Nağıl-tamaşa vasitəsilə uşaqlar sağlam qida haqqında, həmçinin paxıllıq və lovğalığın mənfi əxlaqi keyfiyyət olduğu barədə bir daha maarifləniblər.
Tədbirdə çıxış edən kitabxananın direktoru Jalə Əliyeva tədbirin keçirilməsində əsas məqsədin uşaqlar arasında mütaliə mədəniyyəti və oxu vərdişini formalaşdırmaq olduğunu qeyd edib.
Uşaq yazıçısı Mehriban Nağıyeva oxuculara öz yaradıcılığı haqqında geniş məlumat verib. Yazıçı tədbir iştirakçılarını işıq üzü görmüş 6 nağıl kitabı ilə tanış edib.
Mehriban Nağıyeva, eyni zamanda, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında da görüş keçirib. Tədbir çərçivəsində, Suraxanı rayonunda yerləşən 275 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdlərinin ifasında yazıçının “Əsmərin sehrli zənbili”, “Lovğa tülkü”, “Paxıl toyuq” nağılları əsasında hazırlanmış nağıl-tamaşa təqdim olunub.
Tədbirin sonunda, uşaqların hər birinə yazıçının imzaladığı nağıl kitabları və kitabxana tərəfindən təsis edilən “Göy Qurşağı” uşaq jurnalları hədiyyə edilib.

Mədəniyyət 2024-05-06 15:31:00