×
A
A
A
Sazlamalar

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Ankara, 6 may, AZƏRTAC
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov qardaş ölkədə fəaliyyət göstərən Xəzər-Azərbaycan Rəqs Ansamblının fəaliyyəti ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, Xəzər-Azərbaycan Rəqs Ansamblının bədii rəhbəri, solist Gülçöhrə Sibel Sangu kollektiv haqqında məlumat verərək ansamblda Azərbaycan milli rəqslərini yaşadan onlarla yeniyetmə və gəncin birləşdiyini qeyd edib.
O, sıralarında etnik azərbaycanlılarla yanaşı, Türkiyə türklərinin də olduğunu və gələcəkdə milli rəqslərimizin Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və dəstəyi ilə daha geniş, professional və ardıcıl təbliğ edəcəklərini bildirib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Türkiyədə yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin milli mədəniyyətimiz, rəqs sənətimizin Türkiyədə tanıdılması və təbliğinə mühüm önəm verdiyini qeyd edib.
O, bu istiqamətdə Xəzər-Azərbaycan Rəqs Ansamblı ilə rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzinin sıx əməkdaşlıq edəcəyini bildirib və milli rəqslərimizin paytaxt və regionlarda keçiriləcək Azərbaycanla bağlı tədbirlərdə, həm də mədəniyyətin müxtəlif sahələrinə dair keçiriləcək festivallar, milli günlər və tanıtım layihələrində təqdim ediləcəyini vurğulayıb.
Samir Abbasov milli rəqslərimizin sirlərinin daha professional öyrənilməsi üçün gələcəkdə Azərbaycandan Xoreoqrafiya Akademiyasından mütəxəssislərin dəvət edilə biləcəyini və ustad dərslərinin keçirilməsi, daim təkmilləşməyə ehtiyac olduğunu bildirib.
O, Azərbaycan rəqslərini yorulmadan təbliğ edən, öyrədən soydaşımız, solist Gülçöhrə Sibel Sanguya təşəkkürünü bildirib.
Daha sonra Xəzər Rəqs Ansamblı bir sıra Azərbaycan milli rəqslərini ifa edib və onların ifalarına baxış keçirilib. "Uzundərə", "Dərbəndi", "Turaci", "Naz eləmə", "Sarı gəlin" kimi milli rəqslərimiz ansambl üzvləri tərəfindən ifa edilmiş, kollektiv və fərdi rəqslər təqdim olunub.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzi Xəzər rəqs Ansamblı ilə birgə əməkdaşlıq, milli rəqslərimizin təbliği, onun tanıdılması, ansamblın fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

 

Mədəniyyət 2024-05-06 14:35:00