×
A
A
A
Sazlamalar

“Vikipediya” təlimlərində iştirak edən gənclərə sertifikat verilib

Bakı, 6 may, AZƏRTAC

“Qorqud” Vikipediya Metodik Klubunun və Türk Ağsaqqalları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Vikipediya” təlimləri yekunlaşıb.
Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
O bildirib ki, təlimlər “Qorqud” Vikipediya Metodik Klubunun ekspertləri Qədir Quliyev və Sübhan Xıdırzadə tərəfindən keçirilib. Təlimlər 10 dərsdən ibarət proqram çərçivəsində təşkil edilib. Könüllülər təlimlərdə fəal iştirak ediblər. Onlar “Vikipediya”nın Azərbaycan dili bölməsində yeni məqalələr yaradıblar və mövcud məqalələri təkmilləşdiriblər. Bundan sonra da müvafiq fəaliyyətlərini davam etdirəcəklərini söyləyiblər.
İştirakçılara “Qorqud” Vikipediya Metodik Klubunun yaradılmasının təşəbbüskarı, Milli Məclisin deputatı Elnur Allahverdiyev və Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədri AMEA-nın müxbir üzvü Sudeyf İmamverdiyev, TAİB-in təsisçisi Ramin Əhmədov tərəfindən diplom və sertifikatlar təqdim olunub.

 

Elm və təhsil 2024-05-06 12:56:00