×
A
A
A
Sazlamalar

ADPU-nu 50 il əvvəl bitirən məzunların görüşü keçirilib

Bakı, 18 may, AZƏRTAC

Onda hələ məzun idilər, hər birinin 22-23 yaşı olardı. 1974-cü ilin yayında dördillik ali məktəb həyatına əlvida deyib hərəsi öz arzularının dalınca getdi.
İndi aradan 50 il ötüb, hər birinin 72-73 yaşı var. Zaman onların qapqara şəvə kimi saçlarını gümüşü rəngə boyayıb, əllərində, üzlərində zamanın naxışları əks olunub. O vaxt “sümbülündən su daman” subay oğlan, yerişi-duruşu naz satan qız kimi ayrılan həmin məzunlar indi baba, nənə kimi görüşə gəliblər. Sevinən, öpüşən, qucaqlaşan, kövrələn kim, göz yaşı axıdan kim...
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin 50 il əvvəlki məzunlarının görüşündə belə mənzərələr yaşanıb.
Düz dörd il onlar min bir arzu ilə bu ali təhsil ocağının qapısını açıb, auditoriyalarında pedaqoqlara qulaq kəsiliblər. Bakının mərkəzindəki bu təhsil ocağı onlar üçün doğma ana qucağına, ən əziz ünvana çevrilib. Onlar burada elm və irfan yoluna çıxıblar, biliklərə yiyələniblər. Uzun illərin ayrılığından sonra indi bu doğma məkana dönən Əməkdar müəllim Validə Həsənova elə beləcə də dedi: “Hər dəfə yolum buradan düşəndə həyəcanlanır, qəribə hisslər keçirirəm. Elə bilirəm, yenə də auditoriyaya girib mühazirəyə qulaq asacaq, seminarda iştirak edəcək, imtahan verəcəyəm...”
Hazırda Sumqayıtda yaşasa da, əslən Zaqataladan olan Araz Mustafayev isə başqa hissləri xatırladı: “Mən idmanla məşğul olduğuma görə dərslərə az-az gəlir, institutun idman şərəfini qoruyurdum və buna görə müəllimlər də mənə güzəşt edirdilər. Amma o vaxt “əzazil” müəllimlərdən birinin ingilis şairi Corc Bayronun şeirlərini mənə əzbərlətdiyini indi də unuda bilmirəm. Həmin şeirlər indi də misra-misra yaddaşımdadır”.
Görüşün təşkilatçısı, filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı məlumat verib: “1970-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) Ədəbiyyat fakültəsinə 325 nəfər qəbul olub. 1974-cü ildə onlardan 304 nəfəri məzun adı qazanıb. İndi onlardan 4-ü professor, 5-i elmlər doktoru, 3-ü Əməkdar müəllim, 6-sı Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bugünkü görüşümüzdə onlardan 44 nəfəri iştirak edir”.
Məzunların hərəsi bir ünvandan - Murad Məhərrəmov və Zahir Məlikov İsmayıllıdan, Şahbaz Şahbazov Cəlilabaddan, Yusif Rüstəmov Cəbrayıldan, Zülfü Mahmudov Ağdaşdan gəlib. Xatirələr çözələnir, ötən illərin şəkilləri vərəqlənir, ömrün gündoğanında qalan tələbəlik illərinin unudulmaz anları yada düşür. Söz sözü, söhbət söhbəti çəkir...
Ötən əsrin 70-ci illərinin “tələbələri” unudulmaz müəllimləri yada salırlar: Feyzulla Qasımzadə, Əbdüləzəl Dəmirçizadə, İsmayıl Şıxlı, Məmmədhüseyn Təhmasib, Əbdül Əlizadə, Afad Qurbanov və başqaları...
Həmin ilin məzunlarından olan, uzun illər Lənkəranda 8 nömrəli tam orta məktəbin müəllim işləmiş Xumar Qurbanova deyib: “ Pedaqogikaya həvəsim olub. Yoldaşım Qəzənfər də kimya müəllimi olub. İndi qızim Aybəniz, gəlinlərim də müəllimdir. Çox mehriban, səmimi qrupumuz var idi. Heyf o illərdən...”
Sənətşünaslıq üzrə elmlər doktoru, professor Vəfa Xanoğlanın da xatirələri maraqla qarşılanıb: “Bizim qrupda çoxlu əlaçı var idi. Qədimalı Rəhimov, Eyvaz Rüstəmov, Səba Fərəcova və başqaları yüksək hazırlığa malik idilər. Təsadüfi deyil ki, onlar ali məktəbi fərqlənmə diplomu ilə bitirdilər. Onlardan elm ardınca gedənlər də, orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olanlar da oldu”.
Şəkər Quliyevanın təklifi hamının ürəyincə olub: “Mərhum şair Fikrət Sadıq deyirdi ki, insan gərək 50 yaşına qədər hər on ildən bir, 50-dən 70-ə qədər hər beş ildən bir, 70-dən sonra hər ili, 80-dən sonra hər günü qeyd eləsin. Gəlin biz də belə məclisləri, görüşləri mümkün qədər tez-tez edək, mümkün qədər tez-tez görüşək”.
Sonra məzunların görüşü ziyafət məclisi ilə davam edib. Əlli il əvvəlki məzunlar keçmiş xatirələri yada salaraq şənləniblər.

 

 

 

Elm və təhsil 2024-05-18 16:48:00