×
A
A
A
Sazlamalar

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Tbilisi, 5 may, AZƏRTAC

Cənubi Qafqazda sabitliyə və davamlı inkişafa nail olmaq üçün səmərəli əməkdaşlıq qurulmalıdır. Bu gün Gürcüstanın Azərbaycan ilə sıx və səmərəli əməkdaşlığı regionun inkişafına xidmət edir və bunu bütün dünya görür. Əgər Ermənistan da bu əməkdaşlığa qoşulsa, regionumuz daha da çiçəklənər və inkişaf edər.
Bu sözləri Suxumi Dövlət Universitetinin professoru, politoloq Badri Naçkebia AZƏRTAC-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistanın bu əməkdaşlıq koalisiyasına qoşulması üçün, ilk növbədə, rəsmi İrəvan mütləq Azərbaycan ilə davamlı sülh müqaviləsi imzalamalıdır. Nəzərə almalıyıq ki, həm müstəqilliyi, həm adət-ənənələri, həm də suverenliyi kollektiv şəkildə qoruyub saxlamaq daha rahatdır. Lakin bizim birliyimizi istəməyən, bizi parçalayaraq hökm etmək istəyən qüvvələr buna imkan vermirlər. Düzdür, Azərbaycan çox çətin sınaqdan keçərək düzgün yol tutdu və müstəqilliyini qorumağı bacardı. Azərbaycan torpaqlarını işğaldan azad edərək suverenliyini bərpa etdi. Azərbaycan dövlətinin parlaq Qələbəsi bizim üçün də presedent hüquq yaradır. Biz bundan bəhrələnməyi bacarmalıyıq.
B.Naçkebia bildirib ki, Azərbaycana təsir mexanizmlərini itirən ABŞ və Qərb ölkələri digər iki ölkəni rahat buraxmaq istəmir. Bəziləri Ermənistanı silahlandırmaqla yenidən müharibəyə təhrik edirlər. Bəzi qüvvələr Gürcüstanı da rahat buraxmırlar. Bu gün Qərb və ABŞ təzyiq göstərərək Gürcüstanı öz oyuncaqlarına çevirmək istəyirlər. Onlar əslində təkcə Gürcüstanda deyil, Cənubi Qafqazda istədikləri kimi hərəkət etmək istəyirlər.
“Gürcüstan hazırda həqiqətən də Qərbin, o cümlədən ABŞ-ın ciddi təzyiqlərinə məruz qalır. Xüsusən də ABŞ Gürcüstandakı səfirliyinin xətti ilə güclü təzyiq göstərir. Onlar yaydığı bəyanatlarla hökuməti yox, müxalifəti dəstəklədiklərini açıq-aşkar nümayiş etdirirlər. Gürcüstan isə bütün təzyiqlərə baxmayaraq, milli maraqlarını qoruyacaq”, - deyə professor bildirib.
Politoloqun sözlərinə görə, ABŞ və Qərb Gürcüstanın Avropa İttifaqına namizəd statusu almasından sui-istifadə etməyə çalışır. Onlar Gürcüstanı bununla qorxudurlar. Amma onlar bilməlidirlər ki, Gürcüstan hər zaman Qərbin bütün layihələrində iştirak edib. Əfqanıstanda, İraqda aparılan hərbi əməliyyatlarda, sülhməramlı missiyada tərəfdaşlarının yanında olub. İndi isə görürük ki, Qərb və ABŞ Gürcüstanı poliqona çevirmək istəyir. Onlar Ukraynadan sonra bizi məhv etmək istəyirlər. Rusiyaya qarşı ikinci cəbhəni burada açmaq üçün bütün addımlar atılır. Gürcüstan isə bu addımı atmayacaq, poliqon olmayacaq.
B.Naçkebia deyib: “2008-ci ildə Rusiya ilə Gürcüstan arasında silahlı qarşıdurma olanda, bizə dırnaqarası dost olan Qərb heç nə etmədi. Nəinki ordu yeritmək, Rusiyaya qarşı ən kiçik sanksiya belə tətbiq etmədi. ABŞ da özünü heç nə olmamış kimi apardı. Fransa isə öz maraqları çərçivəsində addımlar atdı və Gürcüstanı tək qoydu. Ona görə də nə Qərbə, nə də ABŞ-a güvənmək olmaz".

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Siyasət 2024-05-05 16:05:00