×
A
A
A
Sazlamalar

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Bakı, 4 may, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura start verilib.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Açılış matçında “Kəpəz” Tovuzda “Sumqayıt”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hazırda Gəncə klubu 35 xalla 8-ci, “gənclik şəhəri” təmsilçisi 51 xalla 2-ci pillədə qərarlaşıb.
Günün son oyununda çempion “Qarabağ” “Azersun Arena”da “Neftçi”ni sınağa çəkib.
Qarşılaşma "köhlən atlar"ın 5:0 hesablı qalibiyyəti ilə bitib.
Hesabı 12-ci dəqiqədə Nəriman Axundzadə açıb. 41-ci dəqiqədə Toral Bayramov fərqi iki topa çatdırıb. 66-cı dəqiqədə Leandro Andrade Bakı klubunu üçüncü dəfə meydanın mərkəzinə dəvət edib. 77-ci dəqiqədə N.Axundzadə dublunu rəsmiləşdirib. Matçın yekun nəticəsini 85-ci dəqiqədə Abdulla Zubir müəyyənləşdirib.
Bu nəticədən sonra Ağdam klubu 76 xalla turnir cədvəlinə başçılıq edir. 50 xalı olan “ağ-qaralar” isə 3-cü pillədə qalıb.
Qeyd edək ki, turun digər oyunları mayın 5-6-da keçiriləcək.

İdman 2024-05-04 21:30:00