Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib
Naxçıvan, 4 may, AZƏRTAC
Mayın 4-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrində STEAM tədris edən müəllimlər üçün müsabiqə keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 250-dən artıq müəllimin iştirak etdiyi müsabiqədə namizədlərə STEAM fəlsəfəsi, arduino, mikrobit, 3D printer və tinckerCad mövzuları ilə bağlı biliklərinin yoxlanılması məqsədilə hər bölməni əhatə edəcək şəkildə ümumilikdə 30 test tapşırığı təqdim olunub. Test tapşırıqlarının yerinə yetirilməsi üçün 60 dəqiqə vaxt ayrılıb, hər düzgün cavab bir balla qiymətləndirilib.
Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb. İmtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub. Test tapşırıqlarının müəyyən olunmuş bal həddini keçən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar və bu mərhələdə keçid balını toplamış hər bir namizəd üçün 2 il qüvvədə olan STEAM təhsili üzrə tədris prosesini aparmağa icazə hüququ verən sertifikat təqdim olunacaq.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təlim və müsabiqələr tədris ilinin sonuna kimi davam etdiriləcək.
Şəkidə Ulu Öndərə həsr olunan futzal turnirinin qalibləri mükafatlandırılıb
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Qazaxda vətəndaşları qəbul edəcək
Şəki Xan sarayı bərpa olunacaq
Naxçıvan şəhərinin su təminatı yaxşılaşdırılır
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib