×
A
A
A
Sazlamalar

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Bakı, 3 may, AZƏRTAC

İçərişəhərdə keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə həyata keçirilir.
Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, məhdudlaşdırma mayın 3-dən 5-dək Qoşa Qala girişi, Kiçik Qala küçəsi 52-128, Qüllə küçəsi 15-22, Böyük Qala küçəsi 41-51, Asəf Zeynallı küçəsi 21-65 ünvanlarında həyata keçiriləcək.
Məlumat üçün bildiririk ki, iki gün davam edəcək festivalda İçərişəhər ərazisində xalçaçılıq sənətinə həsr edilən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bura qədim, müasir, eləcə də müəllif xalçalarından ibarət eksklüziv sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün ustad dərsləri, maarifləndirici seminarlar, interaktiv teatr tamaşası, yarmarka, muğam axşamı və konsert proqramı daxildir. Milli Xalça Festivalı günlərində İçərişəhərin küçələri xalçalar və xalça ornamentli xüsusi dekorasiyalar ilə bəzədilərək xalçaların rəngarəng və sehrli gözəlliyinə bürünəcək.

 

Cəmiyyət 2024-05-03 11:09:00