×
A
A
A
Sazlamalar

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

Bakı, 3 may, AZƏRTAC

Prezident İlham Əliyev mayın 2-də “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncam İkinci Dünya müharibəsində həm ön xətdə döyüşmüş, həm də arxa cəbhədə fədakar əməyi ilə diqqət çəkən şəxslərə maddi yardımın göstərilməsini nəzərdə tutur.
Bununla bağlı AZƏRTAC-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Prezidentin həmin Sərəncamını alqışladığını bildirib, bunu bütün veteranlara göstərilən qayğı kimi xarakterizə edib: “Prezidentin Sərəncamı sadəcə həmin müharibədə iştirak edən şəxslərə deyil, ümumilikdə bütün veteranlara göstərilən diqqət və qayğı kimi xarakterizə edilməlidir. Dövlətimizin başçısı bu Sərəncamla bir daha göstərdi ki, o, hansı dövrdə, hansı tarixi şəraitdə müharibədə iştirak etməsindən asılı olmayaraq, heç bir veteranı unutmur, dövlətimizin, xalqımızın təhlükəsizliyi uğrunda çalışan insanları daim yada salır, onlara dəstək olur.

Dövlətimizin başçısı İkinci Dünya müharibəsində yalnız ön cəbhədə deyil, arxa cəbhədə çalışan, fədakar əməyinə görə orden və medallarla təltif olunan şəxsləri də diqqətdən kənarda qoymur, onların da əməyini, qəhrəmanlığını yüksək qiymətləndirir. Elə bu səbəbdən də məlum Sərəncamda arxa cəbhədə fədakar əməyi ilə diqqət çəkən şəxslərə də maddi yardımın göstərilməsi nəzərdə tutulub. Bu maddi dəstəyin veteranlarımız üçün mənəvi əhəmiyyəti də olduqca böyükdür. Prezidentin bu qayğısı nəticəsində İkinci Dünya müharibəsi veteranları bu gün də unudulmadıqlarını, əksinə, dövlətimizin davamlı diqqət və qayğısı ilə əhatə olunduqlarını hiss edir. Bu isə onlara mənəvi güc, böyük ruh yüksəkliyi bəxş edir”.
Polkovnik Cəlil Xəlilov veteranlara göstərdiyi qayğıya görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, eləcə də bütün veteranlar adından dövlətimizin başçısına minnətdarlığını bildirib: “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, eləcə də bütün veteranlar adından Prezident İlham Əliyevə təşəkkür edir, ona minnətdarlığımızı bildiririk. Bir daha bəyan edirik ki, veteranlarımız hər zaman olduğu kimi bundan sonra da dövlətçiliyimizə sədaqətlə xidmət edəcək, Müzəffər Ali Baş Komandanın hər bir çağırışını dəstəkləyəcək, bu tapşırıqların icrasında ön sıralarda yer alacaqlar”.

Cəmiyyət 2024-05-03 11:06:00