×
A
A
A
Sazlamalar

“Qarabağda və Şərqi Zəngəzurda tarixi abidələrin qorunub saxlanması problemləri” mövzusunda plenum keçiriləcək

Bakı, 1 may, AZƏRTAC

Mayın 24-25-də Şuşa şəhərində Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin “Qarabağda və Şərqi Zəngəzurda tarixi abidələrin qorunub saxlanması problemləri” mövzusunda yaz plenumu keçiriləcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Memarlar İttifaqından bildirilib.
Plenumun işində Azərbaycan Memarlar İttifaqının İdarə Heyəti üzvləri ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzurda və Qarabağda təyin olunmuş xüsusi nümayəndələrinin, Şuşa şəhəri Dövlət Qoruğunun, Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun nümayəndələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət, habelə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutlarının əməkdaşlarının iştirakı nəzərdə tutulub.
Plenumda mövzu ətrafında məruzələr dinləniləcək və müzakirələr aparılacaq, böyük Zəfərimizdən sonrakı 3 il ərzində işğaldan azad edilmiş ərazilərdə bərpa edilmiş tarixi-memarlıq abidələrini əks etdirən sərgi nümayiş olunacaq. Sonda plenumda dinlənilən məsələlər üzrə qətnamə qəbul ediləcək.

 

Regionlar 2024-05-01 13:12:00