×
A
A
A
Sazlamalar

Mayda bəzi günlərdə havanın temperaturu 35 dərəcəyə yüksələcək

Bakı, 30 aprel, AZƏRTAC

Mayda ölkə ərazisində havanın temperaturu günbəgün artır. İqlim dəyişmələrinin təsiri digər aylarda olduğu kimi may ayında da ölkə ərazisindən yan keçmir. Son illərdə mayda hava şəraiti ötən illərlə müqayisədə daha çox dəyişkən keçib. May ayında ilin fəslinə uyğun olaraq isti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində temperatur və təzyiq fərqləri yaranır. Bu ilin mayda havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacaq. Aylıq yağıntının miqdarının əksər rayonlarda iqlim normasına yaxın olacağı ehtimal edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 18-20° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 15-20°, gündüzlər 22-27° isti, bəzi günlərdə 30-35° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı bildirilir (norma 18-21 millimetr).
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 17-20° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 13-18°, gündüzlər 23-28° isti, bəzi günlərdə 30-35° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var ( norma 33-62 millimetr).
Xankəndi şəhərində, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 10-13° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 8-13°, gündüzlər 14-19° isti, bəzi günlərdə 23-28° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (68-122 millimetr).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 12-15° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 8-13°, gündüzlər 13-18° isti, bəzi günlərdə 23-28° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının da iqlim normasına yaxın olacağı ehtimal edilir (norma 52-103 millimetr).
Gəncə şəhərində, Qazax, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 17-19° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr 13-18°, gündüzlər 23-28° isti, bəzi günlərdə 30-35° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı proqnozlaşdırılır (43-67 millimetr).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 15-17° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr 12-17°, gündüzlər 20-25° isti, bəzi günlərdə 27-32° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 26-166 millimetr).
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 19-22° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturu gecələr gecə 15-20°, gündüzlər 23-28° isti, bəzi günlərdə 30-35° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı proqnozlaşdırılır (norma 26-62 millimetr).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 15-19° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 13-18°, gündüzlər 22-27° isti, bəzi günlərdə 29-33° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var (norma 41-72 millimetr).

Cəmiyyət 2024-04-30 16:01:00