×
A
A
A
Sazlamalar

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Bakı, 19 aprel, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istehlak bazarında aksiz markasız və ya saxta aksiz markalı məhsulların satışı hallarının, habelə qanunsuz sahibkarlıq fəaliyyətinin aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu tədbirlərin davamı olaraq, daxil olmuş əməliyyat məlumatı əsasında xidmətin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının həyətində yerləşən müxtəlif sexlərdə kustar üsullarla saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkar edilib.
Həmin ünvanda idarə tərəfindən həyata keçirilən operativ nəzarət tədbiri zamanı müxtəlif ticarət nişanlarını və onların qablaşdırmasını saxtalaşdırmaqla naməlum tərkibli kimyəvi və yuyucu məişət vasitələrinin, aksiz markası ilə markalanmadan və ya saxta aksiz markalarından istifadə etməklə spirtli içkilərin istehsalı, saxlanılması və satışının həyata keçirilməsi halları müəyyənləşdirilib. Aparılan araşdırmalarla təsərrüfat subyektinin Əliyev Ülvi Sarif oğluna məxsus olduğu təsbit edilib.
Nəzarət tədbiri zamanı külli miqdarda hazır və qablaşdırma üçün hazırlanmış məhsullar, saxta məhsulların hazırlanması üçün kustar üsullu avadanlıqlar, xammal, qablaşdırma materialları, saxta aksizlər və etiketlər aşkar olunaraq götürülüb.
“Qanunsuz istehsal sahəsində müvafiq sanitariya normalarına və standartlara əməl olunmadan istehsal prosesi qurulub, əsasən kiçik tutumlu araq məhsulları istehsal edilərək saxta etiketlər vurulmaqla satış bazarlarına yönəldilib. Tədbir zamanı qanunsuz sahibkarlıq fəaliyyətində istifadə edildiyi müəyyənləşdirilən 29 min 500 ədəd şüşə butulka, 74 ədəd saxta aksizli hazır məhsul, 1100 ədəd etiketsiz yarımfabrikat araq məhsulu, 1900 litr araq xammalı, 3700 ədəd saxta aksiz markası, külli miqdarda müxtəlif markalara məxsus etiketlər, qapaqlar, həmçinin 600 litr xlor xammalı aşkar edilib. İstehsal sahəsinə keçirilmiş baxış zamanı qida məhsulları ilə kimyəvi məişət vasitələrinin istehsalının paralel şəkildə və bəzən bir-birinə qarışmaqla həyata keçirildiyi, sanitar normaların kobud surətdə pozulduğu, bununla da əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıldığı məlum olub. Hazırlanmış saxta məhsulların kiçik mağazalar, eyni zamanda, ölkənin bölgələrində yerləşən satış nöqtələri vasitəsilə istehlak bazarlarında reallaşdırılması nəzərdə tutulub. Aşkar olunmuş hallarla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır. Müvafiq sənədləşmələr həyata keçirildikdən sonra saxta məhsullar müsadirə olunub. Nəzarət tədbirləri zamanı müəyyən edilmiş faktlarla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məlumat verilib”, - deyə qurumun yaydığı məlumatda bildirilir.

 

İqtisadiyyat 2024-04-19 16:26:00