×
A
A
A
Sazlamalar

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

Paris, 18 aprel, AZƏRTAC
Parisdə Yay Olimpiya Oyunları yaxınlaşdıqca evsizlərin narahatlığı daha da artır. Onlar körpülərin altında və ya şəhərin hər hansı bir küncündə açıq səma altında özlərinə yer edən kimi Fransa hüquq–mühafizə orqanları tərəfindən qovulurlar.
AZƏRTAC xəbər verir ki, TF 1 telekanalının yaydığı məlumata görə, bu dəfə polis və jandarmlar Paris bölgəsində ən çox evsizin (SDF) bir arada olduğu rayonda sığınacaq tapmış 450 evsiz insanı təxliyə etmək üçün əməliyyata başlayıb. Əməliyyata 250 polisin səfərbər edildiyi bildirilir. SDF-lərin bəziləri əvvəlcədən xəbərdar olduqları üçün həmin məkanı bir gün əvvəl tərk ediblər. Digər 300 evsiz insan - kişilər, qadınlar, uşaqlar bu xəbəri eşidən kimi oradan getməyə başlayıb.
Xatırladaq ki, Fransa hakimiyyəti sözügedən əməliyyatlara 2023-cü ildən başlayıb. Ölkədə fəaliyyət göstərən 80-dək qeyri-hökumət təşkilatı və assosiasiyalar bu əməliyyatları pisləyir, onu sosial təmizləmə adlandırırlar. Evsiz insanların əksəriyyətinin işlədiyi, ancaq onlara kirayə mənzil verilmədiyi bildirilir. Yüzlərlə insanın isə sosial mənzil gözlədiyi qeyd edilir. Onlar hətta çoxmərtəbəli binaların pilləkənləri altında və dəhlizlərdə gecələməyə məcbur olurlar. Parisdə işləyən evsizlərin bəzən digər uzaq şəhərlərə göndərildiyi deyilir.
Göründüyü kimi, ən ağır və çirkli işləri görən bu insanların hüquqları özünü “demokratik və hüquqi dövlət” hesab edən Fransada açıq şəkildə tapdalanır.

 

Dünya 2024-04-18 13:39:00