×
A
A
A
Sazlamalar

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Bakı, 18 aprel, AZƏRTAC

“Azərbaycanda su təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. Xüsusilə, son illərdə bir tərəfdən baş verən iqlim dəyişmələri, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su həcmlərinin və yağıntıların əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən isə ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması ölkədə su təhlükəsizliyi ilə bağlı məsələlərin aktuallığını daha da artırıb”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.
Deputat xatırladıb ki, hələ 2020-ci il iyulun 23-də Prezident İlham Əliyevin sədrliyi ilə su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə respublikamızda əhalinin su təchizatının yaxşılaşdırılmasına hesablanan layihələrin icra olunduğu nəzərə çatdırılıb, eyni zamanda, hazırda bu sahədə bir sıra problemlərin də olduğu vurğulanıb. Müşavirədəki nitqində su təhlükəsizliyinin önəmindən bəhs edən dövlətimizin başçısı suyun həyat, inkişaf olmaqla bərabər, həm təhlükəsizlik ifadə etdiyini bildirib. Müşavirədən sonra artıq ciddi praktiki addımlar atılır.
"Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyması su təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımdır", - deyə F.Yıldırım vurğulayıb.
Deputatın sözlərinə görə, hazırda 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələrinə gəldikdə isə o da iki dəfədən çox artırılacaq. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi Hacıqabul gölü olacaq. Məlumdur ki, Hacıqabul gölü 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaq. Dövlət başçısının dediyi kimi, bu layihə bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırıb. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini verir.
Fatma Yıldırım qeyd edib ki, Ermənistanın 30 illik işğalı nəticəsində respublikamızın bir sıra bölgələrin su təminatı ciddi çətinliklərlə üzləşmişdi. Həm də işğalçı ölkə təbiətimizə, o cümlədən çaylarımıza böyük ziyan vurmuşdu. Amma Vətən müharibəsi nəticəsində qazanılan Zəfərimiz bu problemin həllinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Azad edilmiş ərazilərin su resurslarından səmərəli istifadə üçün müvafiq əməli tədbirlərin görülməsi su çatışmazlığı probleminin həllinə öz töhfəsini verəcək. Bu gün işğaldan azad edilmiş ərazilərdə yeni su anbarları, su elektrik stansiyaları tikilir, bütövlükdə mühüm meliorasiya və su təsərrüfatı işləri həyata keçirilir. Bütün bunlar ölkəmizdə su təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasında xüsusi rol oynayacaq.

Cəmiyyət 2024-04-18 09:09:00