Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir
Moskva, 17 aprel, AZƏRTAC
Azərbaycan 2023-cü ilin payızında Qarabağda antiterror tədbirləri keçirdikdən sonra Rusiya sülhməramlı kontingentinin (RSK) bölgədə qalması zərurəti aradan qalxdı.
Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib.
“RSK-nin Qarabağdan çıxarılması tamamilə Rusiya ilə Azərbaycan arasındakı razılaşmalara uyğun olaraq həyata keçirilir. Rusiya sülhməramlıları öz öhdəliklərini tam yerinə yetirdilər. Bu öhdəlik, ilk növbədə, Soçi razılaşmalarından sonra tərəflər arasındakı münaqişənin yoluna qoyulmasından ibarət idi. Azərbaycan hakimiyyəti tərəfindən Qarabağda antiterror tədbirləri həyata keçirildikdən sonra vəziyyət tamamilə dəyişdi, nəticədə erməni qoşunları təslim oldu və bölgədən çıxarıldı. Buna görə də tərəflər arasında münaqişənin həll edilməsi zərurəti aradan qalxdı”, - deyə politoloq bildirib.
Markov xatırladıb ki, Ermənistan tərəfi dinc erməni əhalisinin Qarabağdan təxliyəsini təşkil edib. “Bir müddət RSK Qarabağ ərazisində qalmalı oldu, lakin kontingentin orada heç bir işi yox idi. Azərbaycan hakimiyyəti erməni millətindən olan mülki əhalinin bir hissəsinin Qarabağa qayıdacağına ümid etdiyinə görə sülhməramlılar orada qalmaqda davam etdi. Lakin Ermənistan hakimiyyəti bununla bağlı çoxsaylı maneələr yaratdı, dinc erməni əhalisini qorxutmağa, sərt anti-Azərbaycan kampaniyası aparmağa başladı. Nəticədə isə belə məlum oldu ki, kütləvi qayıdış olmayacaq. Bu şərtlərə əsasən, Rusiya sülhməramlıları bölgəni tərk etmək qərarına gəldilər”, - deyə ekspert əlavə edib.
Fransanın Bakıdakı səfirinin məsləhətləşmələr üçün geri çağırılmasını şərh edən S.Markov qeyd edib ki, Fransa hakimiyyətinin bu hərəkətinin RSK-nin Qarabağdan çıxarılması ilə heç bir əlaqəsi yoxdur. “Azərbaycan Fransa casuslarından ibarət şəbəkəni ifşa edib. Bundan əlavə, Fransa ilə Azərbaycan arasındakı münasibətlər Parisin günahı ucbatından pisləşir. Bu şəraitdə Fransa öz səfirini bundan sonra hansı siyasəti həyata keçirəcəklərini müəyyənləşdirmək üçün geri çağırıb”, - deyə rusiyalı ekspert qeyd edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Cavid Qədirov: Ermənistanın delimitasiya prosesində iştirakı öz Konstitusiyasına ziddir
Milli Məclis 15 məsələnin müzakirəsinə başlayıb
Nazir müavini: Ermənistan indiyədək öz sərhədlərini müəyyənləşdirməyib
Fərid Şəfiyev: Azərbaycan Ermənistanla sülhün əldə edilməsində maraqlıdır
Elnur Məmmədov: Ermənistanın konstitusiyasındakı ərazi iddiaları sülhə maneədir