×
A
A
A
Sazlamalar

Politoloq: Azərbaycan enerji təhlükəsizliyində Avropa İttifaqının önəmli strateji tərəfdaşıdır

Bakı, 30 aprel, AZƏRTAC

Azərbaycan-Almaniya əlaqələri son dövrlərdə yüksələn xətlə inkişaf edir. Ümumiyyətlə, ikitərəfli əlaqələrin inkişaf dinamikasına nəzər yetirdikdə, enerji təhlükəsizliyi başda olmaqla iqtisadi, siyasi, mədəni və bir sıra digər strateji istiqamətləri əhatə edən güclü əməkdaşlıq perspektivlərini müşahidə etmək mümkündür. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Prezident İlham Əliyevin Almaniyaya son səfəri çərçivəsində verilən mesajlar iki ölkə arasındakı münasibətlərin önəmini ifadə edir.
Bunu AZƏRTAC-a açıqlamasında politoloq, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Aytən Qurbanova söyləyib.
Politoloq vurğulayıb ki, Avropanın Fransa kimi bəzi riyakar güc mərkəzlərindən fərqli olaraq, Almaniyanın regionun sülh gündəliyinə münasibətdə Azərbaycanın ərazi bütövlüyünə hörmət və dövlətlərin daxili işlərinə qarışmamaq kimi ali prinsiplərə əsaslanan təşəbbüslərlə çıxış etməsi qarşılıqlı etimadı möhkəmləndirən mühüm amil olaraq dəyərləndirilməlidir.
Onun sözlərinə görə, bu səbəbdən müzakirə edilən məsələlərin gündəliyində Cənubi Qafqazda sülh quruculuğu prosesinin dəyərləndirilməsi hər zaman xüsusi önəm daşıyır. Heç şübhəsiz ki, müzakirələr çərçivəsində Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan haqlı tələbləri, bu günə qədər atılan legitim addımlar fonunda yaranmış reallıqlar kontekstində məsələnin dəyərləndirilməsi nəhayət regionda həqiqi sülh imkanlarının mövcudluğu ilə bağlı ümidləri ifadə etməyə imkan verir.
“Digər tərəfdən, enerji təhlükəsizliyi sahəsində Azərbaycanın Almaniya və bütövlükdə, Avropa İttifaqı üçün önəmli strateji tərəfdaş olması faktı reallıqdır. Belə olan halda regionda sülh quruculuğu prosesinin davamlı və etibarlı xarakter alması üçün dialoq masasının hər zaman açıq saxlanılması və vasitəçilik imkanlarının dəyərləndirilməsi də Almaniya tərəfi üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə politoloq diqqətə çatdırıb.
Onun fikrincə, Azərbaycan da öz növbəsində Avropaya illik qaz ixracatını artırmaqla, bu sahədə qarşılıqlı əməkdaşlığın inkişafında maraqlı olduğunu aydın şəkildə bəyan etmiş olur. Eyni zamanda, dövlətimizin başçısının Almaniyaya səfəri çərçivəsində bu ölkənin iş adamları ilə keçirdiyi görüşlər mahiyyət etibarilə qarşılıqlı biznes əlaqələrinin genişləndirilməsi üçün ciddi imkanlar yaratmağı hədəfləyir.
“Nəticə etibarilə, otuz ildən artıq dövrü əhatə edən münasibətlərin yol xəritəsinə nəzər yetirdikdə, Azərbaycan-Almaniya əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli əsasda inkişaf edərək, daha da möhkəmləndiyini və genişləndiyini aydın şəkildə görmək mümkündür”, - deyən Aytən Qurbanova fikirlərini yekunlaşdırıb.

Siyasət 2024-04-30 17:43:00