“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır
Bakı, 17 aprel, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Regional İnkişaf İctimai Birliyinin əməkdaşlığı ilə birgə “Güclü cəmiyyətin zərif simaları” adlı layihə həyata keçirir.
Layihənin məqsədi gənc qızların şəxsi inkişafına təkan vermək və onların fəallığını artırmaqdır.
Komitədən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində ölkəmizdə müxtəlif sahələrdə uğur qazanmış qadınlarla regionlarda yaşayan gənc qızlar arasında TEDx formatında görüşlərin keçirilməsi planlaşdırılır.
Görüşlərin 2024-cü il ərzində Şəki, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərində və Quba, Xaçmaz, Şəmkir, Qax, Zaqatala, Masallı rayonlarında keçirilməsi nəzərdə tutulub.
İlk görüşlər aprelin 19-da saat 11:00-da Xaçmaz şəhər 5 saylı orta məktəbdə, saat 15:00-da isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialında keçiriləcək.
Görüşlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Regional İnkişaf İctimai Birliyinin (RİİB), hər iki rayonun icra hakimiyyəti aparatının nümayəndələri çıxış edəcəklər.
İnteraktiv təlim: “Dinlə, məlumatlı ol, gələcəyinə sahib çıx!”
Gəncəyə uçan Rusiya vətəndaşı Mineralnıye Vodı Beynəlxalq Hava Limanında milyonuncu sərnişin olub
Özbəkistan QHT-ləri Milli Forumuna Azərbaycan nümayəndə heyəti qonaq qismində dəvət olunub