×
A
A
A
Sazlamalar

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır

Ankara, 17 aprel, AZƏRTAC

Türk dünyasında ümumı dil orfoqrafiyası anlayışı formalaşmalıdır. Bu istiqamətdə iradə mövcuddur və həmin məqsədə nail olacağımıza inanıram.
AZƏRTAC xəbər verir ki, bu fikri Türk Dil Qurumunun sədri professor Osman Mert səsləndirib.
Türk Dövlətləri Təşkilatı nəzdində türk dili ilə bağlı əməkdaşlıq platformasının yaradılması istiqamətində iş aparıldığını qeyd edən Osman Mert Türk Dil Qurumunun da bu istiqamətdə çalışdığını və mövzunun son olaraq Azərbaycan və Qazaxıstan nümayəndələri ilə müzakirə edildiyini bildirib.
Hər dilin orfoqrafiya lüğətlərinin müəyyən illərdə dövrün tələblərinə uyğun yenidən nəşr edildiyinə diqqət çəkən professor Türk dilinin orfoqrafiya lüğətinin ümumilikdə yeddi dəfə yeniləndiyini xatırladıb. Son variant isə 2012-ci ildə hazırlanaraq işıq üzü görüb.
“Hesab edirəm ki, orfoqrafiya lüğətləri daha standart və sadə olmalıdır. Bununla bağlı fəaliyyət prosesinə media qurumları və digər müvafiq strukturlar də cəlb edilməlidir. Belə olarsa, lüğət daha geniş zəmində formalaşacaq. Biz bütün təcrübəmizi qardaş dövlətlərlə də bölüşməyə hazırıq”, - deyə Türk Dil Qurumunun sədri vurğulayıb.

Ramin Abdullayev
AZƏRTAC -ın xüsusi müxbiri
Ankara

Dünya 2024-04-17 17:00:00