×
A
A
A
Sazlamalar

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Bakı, 17 aprel, AZƏRTAC

Aprelin 17-də 69 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan 219 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, daxili müsahibə elan edilən vəzifələrin 1-i inzibati vəzifələrin üçüncü təsnifatına, 4-ü dördüncü təsnifatına, 14-ü beşinci təsnifatına, 65-i altıncı təsnifatına və 135-i yeddinci təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (16 vəzifə) tərəfindən təqdim olunub. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini vəzifəsidir. Eyni zamanda, daxili müsahibə elan edilən vəzifələrdən 10-u Naxçıvan Muxtar Respublikasının 6 dövlət orqanı, 167-si isə 57 yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilib.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu proses vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
- 1–3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci - üçüncü təsnifatlarına uyğun olan vəzifələrə, habelə 2-ci kateqoriya dövlət orqanlarına aid mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə (şöbə müdirləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) iddia edən şəxslər.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 2024-cü il aprelin 17-dən mayın 1-i saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Elm və təhsil 2024-04-17 17:00:00