×
A
A
A
Sazlamalar

BMT-nin İnkişaf Proqramının nümayəndəsi Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.
Görüşdə müvəkkil qonağa ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə geniş məlumat verib, beynəlxalq qurumlarla, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları, xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə sıx əməkdaşlıq əlaqələrindən bəhs edib.
Biznes və insan hüquqları sahəsində fəaliyyəti barədə danışan ombudsman bu sahədə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, habelə beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirildiyini, BMT tərəfindən qəbul olunmuş “Biznes və insan hüquqları sahəsində Rəhbər Prinsiplər”in ölkəmizdə milli qanunvericiliyə implementasiyası və milli fəaliyyət planının hazırlanması üzrə işlərin aparıldığını vurğulayıb. Həmçinin ombudsman təsisatı tərəfindən “Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərə ümumi baxış” adlı vəsaitin hazırlandığını diqqətə çatdırıb.
İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilmiş faktaraşdırıcı missiyalara toxunan S.Əliyeva Ermənistanın işğalçılıq siyasəti nəticəsində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının pozulduğunu, işğal nəticəsində yaranmış mina probleminin aradan qaldırılmasında beynəlxalq təşkilatların yaxından iştirakının zəruriliyini, bununla bağlı xüsusi Ad hoc hesabatların hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarına ünvanlandığını qeyd edib.
Söhbət zamanı bu ildə ölkəmizin ev sahibliyi edəcəyi COP29 çərçivəsində mümkün əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, COP29 zamanı milli insan hüquqları institutlarının fəal iştirakının vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Cəmiyyət 2024-04-17 16:36:00